CƏMİYYƏT
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Hər kağızı bir yarpağa dəyişək” aksiyasına qoşulmuşdur VİDEO
Bakı, 20 fevral (AZƏRTAC). “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, “ASAN xidmət” və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Hər kağızı bir yarpağa dəyişək” aksiyasına qoşulmuşdur.
Artıq istifadə olunmuş kağızların toplanılmasına başlanılmışdır.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihə “Təbiətin qorunması üçün 10 mesaj” şüarı ilə həyata keçirilir.
Layihə çərçivəsində dövlət qurumları, özəl təşkilatlar və ya sadə vətəndaşlar istifadə olunmuş kağızları Bakı şəhərindəki “ASAN xidmət” mərkəzlərinin qarşısında quraşdırılan məntəqələrə təhvil verirlər. Burada təhvil verilmiş kağızlar xüsusi konteynerlərdə toplanılır və onların qeydiyyatı aparılır. Hər 50 kiloqram kağız qarşılığında bir ədəd ağac alınaraq təhvil verən qurumların iştirakı ilə Bakı şəhərində əkiləcəkdir.
Layihənin əsas məqsədi cəmiyyətin bütün təbəqələrini ekoloji problemlərlə mübarizəyə cəlb etmək, real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işini səmərəli şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək üçün tullantıların düzgün istifadəsini təşkil etməkdir.