REGİONLAR
84 saylı Füzuli seçki dairəsi üzrə yeni seçki məntəqəsi yaradılıb
Füzuli, 13 avqust, Aydın Yavərzadə, AZƏRTAC
84 saylı Füzuli seçki dairəsinin dairə seçki komissiyasında aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. Avqustun 12-19-da dairə üzrə ümumilikdə 13 treninq keçiriləcək.
Dairə seçki komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, treninqlər dairənin tərkibinə daxil olan 78 seçki məntəqəsindən sədr, katib və komissiya üzvlərinin iştirakı ilə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış xüsusi proqram əsasında aparılır. Məşğələlər zamanı iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır.
Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.
Qeyd edək ki, sözügedən dairə üzrə 78 seçki məntəqəsi var. Seçki məntəqələrindən 4-ü işğaldan azad olunan Füzuli şəhərində yerləşir ki, onlardan da 1-i yeni yaradılıb. Dairə üzrə ümumilikdə 54 min 246 seçici qeydə alınıb, səsvermədə ilk dəfə iştirak edənlərin sayı 583 nəfərdir. İşğaldan azad olunan Füzuli şəhərindəki 4 seçki məntəqəsində isə 3853 nəfər seçici qeydə alınıb.