MƏDƏNİYYƏT


Fransanın qastronomiya üzrə ixtisaslaşmış “Master Chef” jurnalı Azərbaycan mətbəxindən yazıb

Paris, 21 iyun, AZƏRTAC

Fransanın kulinariya sahəsində ixtisaslaşmış ən məşhur “Master Chef” jurnalının Azərbaycan mətbəxinə həsr olunan nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, Fransadakı səfirliyimizin və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı ilə “Master Chef” jurnalında hələ qədimlərdən “Odlar Yurdu” adı ilə tanınan, Qafqazın incisi olan ölkəmizin tarixi, coğrafiyası, tanınmış restoranları, aşpazları haqqında ətraflı məlumat verilib. Fransız jurnalistlər əvvəlcə ölkəmizin tarixindən, coğrafiyasından söz açaraq onu jurnalın oxucu auditoriyasına təqdim ediblər.

Ölkəmizdə bir həftə səfərdə olan fransız jurnalistləri milli mətbəximizin təamlarını dadıb, yerli şərablarımızla tanış olublar. Fransız jurnalist qrupu restoranlarımızda milli mətbəximizi dadmaqla bərabər, ən ləziz yeməklərin reseptlərini təqdim ediblər. Tanınmış aşpazlarımızla görüşərək müsahibələr götürüb, Azərbaycan milli mətbəxinin ləziz yeməklərinin sirlərini öyrənməyə çalışıblar.

Mingəçevirdə “AZVarvara” MMC-yə səfərləri zamanı nərə balığının, eləcə də kürü istehsalı prosesini yaxından izləyən jurnalistlər bu haqda reportaj təqdim ediblər.

Azərbaycan şərabları haqqında xüsusi bölmədə ətraflı məlumat veriblər. Jurnalda ölkəmizin görməli yerlərinin şəkilləri təqdim edilib. Turizm imkanlarımız təşviq olunub.

Fransız jurnalistlərin ölkəmizə gəlişində Azərbaycan Turizm Bürosunun, eləcə də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin də dəstəyi olub.

Qeyd edək ki, ən məşhur qastronomik jurnal olan “Master Chef” 80 min tirajla buraxılır. Jurnalın 40-dan çox səhifəsi ölkəmizin qastronomiyasına həsr edilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.