AĞSU İCTİMAİYYƏTİ ERMƏNİ FAŞİSTLƏRİNİ LƏNƏTLƏYİR
Ağsu, 25 fevral (AZƏRTAC). Ağsu Rayon İcra Hakimiyyətində Xocalı faciəsinin 18-ci ildönümünə həsr edilmiş yığıncaq keçirilmişdir.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Xocalı faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda qurban getmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Rayon İcra hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Cahangir Məhərrəmov “Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin tərkib hissəsidir” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzədə, Xocalı sakini Əmrah Məmmədovun və başqalarının çıxışlarında qeyd olunmuşdur ki, bu faciə iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı mütəmadi olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. On səkkiz il əvvəl fevralın 25-dən 26-na keçən gecə ermənilər dünyada ən qəddar və qaniçən olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmişlər. Yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qətliama siyasi-hüquqi qiymət verilmiş, faciənin əsl mahiyyətinin bütün dünyaya çatdırılması istiqamətində gərgin iş görülmüşdür.
Məlumat verilmişdir ki, Dağlıq Qarabağda baş verən hadisələr zamanı doğma yurd-yuvalarından didərgin düşümüş soydaşlarımızın 2061 nəfəri müvəqqəti olaraq Ağsuda məskunlaşmışdır. Onlardan 16 ailə və ya 62 nəfər məhv edilmiş Xocalı şəhərinin sakinləridir. Rayon İcra hakimiyyəti, eləcə də bütün ağsulular məcburi köçkünlərə, o cümlədən Xocalı faciəsinin şahidlərinə daim diqqət və qayğı ilə yanaşır, onlara hər cür kömək göstərirlər.
Yığıncaqda belə bir fikir vurğulanmışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə getdikcə qüdrətlənən Azərbaycanın haqq işi qalib gələcək, torpaqlarımız erməni daşnaklarından azad ediləcək, Xocalı soyqırımının təşkilatçıları və onu törədənlər öz layiqli cəzalarını alacaqlar.