AKB Azərbaycan Turizm və Menecment Universiteti ilə əməkdaşlığı daha da gücləndirir
Bakı, 22 noyabr, AZƏRTAC
Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu (AKB) Turizm və Menecment Universiteti ilə əməkdaşlığını möhkəmləndirir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, AKB-də tələbələr üçün təşkil olunan seminarlarda büronun fəaliyyəti, məqsədləri, görülən və görüləcək işlər barədə məlumat verilib. Eyni zamanda, tələbələr bu təlimlər zamanı gələcək ixtisaslarında onlara yardımçı ola biləcək təcrübə əldə ediblər.
Seminarlar zamanı tələbələr Görüşlər Sənayesinə və Azərbaycan Konqreslər Bürosunun fəaliyyətinə böyük maraqla yanaşıb və işgüzar turizmin sirlərini öyrənməyə həvəs göstəriblər. Bu səbəbdən də təşkil olunan seminarlar öz aktivliyi və səmərəliliyi ilə seçilir.