Altay Həsənov: Bakı regionun idman paytaxtına çevrilir
Bakı, 19 fevral, Samirə Allahverdiyeva, Həsrət Mahmudova, AZƏRTAC
Bakıda start götürmüş idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kuboku Azərbaycanda ilk dəfədir ki, keçirilir. Bu, əhəmiyyətinə görə çox mötəbər idman tədbiridir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov bildirib.
A.Həsənov deyib: “Olimpiya ilində bu cür turnir cəmi üç ölkədə - Böyük Britaniya, Yaponiya və Azərbaycanda keçirilir. Biz bu hüququ haqlı olaraq əldə etmişik. Çünki azərbaycanlı atletlər idman gimnastikasında uğurla çıxış etməyə başlayıblar. Biz bədii gimnastikada artıq xeyli vaxtdır zirvədəyik və hər zaman dünyanın ən güclü yığmaları ilə rəqabət aparırıq. İdman gimnastikasında isə hələ ilk addımlarımızı atırıq və bizim addımlar olduqca uğurludur - bizi tanıyırlar, ölkəmizə gəlirlər. Buna görə də həmişəki kimi təşkilati baxımdan yarışları ən yüksək səviyyədə keçirəcəyimizi gözləyirlər”.
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti qeyd edib ki, bunu Dünya Kubokuna gəlmiş nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin bugünkü istiqamətləndirici iclası da göstərdi. Qarşıya demək olar, heç bir sual çıxmadı. Bu, həmçinin federasiyanın, Təşkilat Komitəsinin yarışlara çox yaxşı hazırlaşmasının göstəricisidir.
Federasiya azərbaycanlı idmançılardan uğurlu nəticələr gözləyir. “Hələ mövsümün başlanğıcıdır. Qarşıdan əsas turnir - Rio-de-Janeyro Yay Olimpiya Oyunları gəlir. Bu ərəfədə idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının Bakıda keçirilməsi yaxşı fürsətdir, doğma divarlar bir tərəfdən kömək etsə də, digər tərəfdən yarışların məsuliyyəti həyəcanı artırır. Buna görə də gimnastlarımızın Avropa çempionatı və Olimpiya Oyunları ərəfəsində belə bir sınaqdan keçməsi çox faydalıdır”, - deyə A.Həsənov vurğulayıb.
Ölkəmizin bədii gimnastika üzrə böyük yarışların keçirilməsində təcrübəsi Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun təşkilində mühüm rol oynadığını diqqətə çatdıran A.Həsənov deyib: “Biz təcrübə qazanırıq. İdmançılarımız Bakıya gələn dünyanın tanınmış gimnastları ilə rəqabət aparırlar. Bakı regionun özünəməxsus idman paytaxtına çevrilir. Çünki burada yarışlar çox yüksək səviyyədə keçirilir, idmançılar və nümayəndə heyətləri qonaqpərvərliklə qarşılanır. Düşünürəm ki, hamı Azərbaycan razı qayıdır. Yəqin ki, bu dəfə də belə olacaq”.