Aprel döyüşləri böyük Zəfərə gedən yolun başlanğıcıdır
Qax, 5 aprel, Mustafa Dadaşov, AZƏRTAC
2016-cı ilin Aprel döyüşləri 44 günlük Vətən müharibəsində erməni işğalçıları üzərində qazandığımız böyük Qələbənin başlanğıc nöqtəsi idi. Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazimiz olan Qarabağın işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu bütün dünyaya sübut etdi. Aprel döyüşləri hərb tariximizin qəhrəmanlıq salnaməsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Aprel döyüşlərinin ildönümü ilə əlaqədar Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən “Aprel döyüşləri böyük Zəfərə gedən yolun başlanğıcıdır” adlı ədəbi-bədii tədbirdə səsləndirilib. Mərkəzin və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçıları, məktəblilər, yeniyetmə və gənclər iştirak ediblər.
Tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Arzu Dunusova çıxış edərək, 2016-cı ilin Aprel döyüşlərinin əhəmiyyətindən, döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin şücaətindən söz açıblar.
Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, qazi Ayaz Cumayev 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin şücaətindən, qazanılan qələbənin əhəmiyyətindən, özünün döyüş yolundan danışıb.
Tədbir bədii proqramla davam edib. Sonda Aprel döyüşlərindən bəhs edən sənədli film nümayiş olunub.