Astanada Qazaxıstan Xalqları Assambleyasının XXI sessiyası keçirilmişdir
Astana, 18 aprel (AZƏRTAC). Prezident Nursultan Nazarbayevin sədrliyi ilə Astanadakı Müstəqillik sarayında Qazaxıstan Xalqları Assambleyasının XXI sessiyası keçirilmişdir. “Qazaxıstan-2050 strategiyası: dünya mədəniyyəti, mənəviyyat və həmrəylik” adlı tədbirdə ölkənin bütün regionlarından Assambleya üzvləri, etnomədəniyyət mərkəzlərinin sədrləri, diplomatik nümayəndələr, elmi və yaradıcı ziyalılar iştirak etmişlər.
Sessiyada Azərbaycanı Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Füzuli Nəcəfov, Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti Vidadi Salahov və diasporumuzun üzvləri təmsil etmişlər.
Prezident Nursultan Nazarbayev 2015-ci ili “Qazaxıstan Xalqları Assambleyası ili” elan edərək bildirmişdir ki, “2015-ci ildə Assambleyanın yaradılmasının və Konstitusiyanın qəbul edilməsinin 20 illiyi qeyd olunacaqdır. Bu əlamətdar hadisələri təntənəli keçirmək lazımdır. Dövlət başçısı “2015-ci ili “Astana sülh və həmrəylik şəhəridir” şüarı altında Qazaxıstan xalqlarının forumunu keçirməyi və bununla bağlı tədbirlər planı hazırlamağı tapşırmışdır.
Çıxışına davam edən Prezident demişdir: “Etniklərarası münasibətlər, vətəndaş bərabərliyi məsələləri siyasi oyunlar üçün meydança deyildir. Bu, insan taleyi məsələsidir və bu məsələdən hansısa siyasi qrupun hakimiyyət uğrunda mübarizədə arqument kimi istifadə etməsi çox təhlükəlidir. Ona görə də hamı anlamalıdır ki, şovinizm və ya millətçiliyi neofaşizmlə çox incə sərhədlər ayırır, bunları bilmək vacibdir”.
Tədbirdə dövlət başçısı Ukrayna kazaklarının qəhrəmanı adına layiq görülmüş və “Qızıl ulduz”la təltif olunmuşdur.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana