ASTARADA XOCALI FACİƏSİNİN 18-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR
Astara, 27 fevral (AZƏRTAC). Astara rayon mədəniyyət evində Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları yaşlı nəslin, gənclərin və ictimaiyyətin nümayəndələri şəhərin mərkəzindəki “Şəhidlər” abidə-kompleksinin, burada uyuyan qəhrəmanların məzarları önünə gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etmişlər. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Mərasim rayon mədəniyyət evində davam etmişdir. Tədbir iştirakçıları mədəniyyət evinin foyesində Xocalı soyqırımı ilə bağlı rəsm, foto və kitab sərgiləri ilə tanış olmuş, “Xocalı - əsrin faciəsidir” sənədli filminə tamaşa etmişlər.
Tədbirdə qeyd olunmuşdur ki, Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən “26 fevral 1992-ci il”, “Xocalı soyqırımına biganə qalmayın”, “Beynəlxalq elektron-poçt kampaniyasına sən də qoşul” layihəsi çərçivəsində Xocalı faciəsinin dəhşətlərini əks etdirən statistik məlumatlar və şəkillər ingilis dilində dünyanın 13 beynəlxalq təşkilatına, o cümlədən ABŞ senatorlarına və konqresmenlərinə, mətbuat orqanlarına, beynəlxalq hüquq müdafiəçilərinə, xarici ölkə səfirliklərinə, konsulluqlara, daimi nümayəndəliklərə və digər təşkilatlara, bütövlükdə 700-dən çox elektron-poçt ünvanına göndərilmişdir.
Mərasimdə rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.