“Asvat” nəşri: Ana Vətənə qovuşan Şuşa
Rabat, 15 may, AZƏRTAC
Mərakeşin “Asvat” qəzetinin magazineaswat.com elektron nəşrində şərqşünas Həşim Məmmədovun “Ana Vətənə qovuşan Şuşa” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Şuşanın bərpasını sürətləndirmək məqsədilə 2022-ci ili “Şuşa İli” elan etməsi qeyd olunub.
H.Məmmədov yazır: “Şuşa dərin hörmət və ehtirama layiqdir. Bu təşəbbüs, möhtərəm Prezidentin Şuşaya göstərdiyi davamlı diqqət və qayğının növbəti təzahürüdür. Şuşa bizim üçün xüsusi məna və əhəmiyyət kəsb edir”.
“Asvat” nəşri Prezident İlham Əliyevin fikirlərini sitat gətirir: “Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlığı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır”.
Bildirilir ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi Azərbaycan xalqı üçün çox əlamətdar bir hadisədir. 2023-cü il Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçilib. Şuşa Azərbaycan xalqının maddi-mənəvi dəyərlərini özündə əks etdirən gözəl bir diyardır. Bu şəhər bütün dövrlərdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb.
Mərakeş nəşrində diqqətə çatdırılır ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində külli Qarabağı və onun gözü olan Şuşanı düşməndən azad etməklə tarixi qələbə qazandı. Bütün dünyaya göstərdi ki, Şuşa Azərbaycanın döyünən ürəyidir, bundan sonra heç bir qüvvə onu Şuşadan ayıra bilməz.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat