AVROPA GİMNASTİKA İTTİFAQININ YUBİLEYİ ƏRƏFƏSİNDƏ BAKIDA QİTƏ ÇEMPİONATI KEÇİRİLƏCƏK
Bədii gimnastika üzrə Avropa çempionatına üç ay qalır. İdmanın bu növünün tarixi ərzində çempionat Bakıda, ilk dəfə 33 ölkənin təmsilçilərinin iştirakı ilə keçiriləcəkdir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, nümayəndə heyətləri Bakıya iyunun 26-dan etibarən gələcəklər. İyunun 29-dan iyulun 1-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində qitənin ən güclü bədii gimnastları qələbə uğrunda yarışacaqlar.
Çempionatda qızlar şəxsi, qrup və komanda turnirlərində 6 dəst medal uğrunda mübarizə aparacaqlar. Bakıda 23-cü qitə çempionatı Avropa Gimnastika Federasiyasının 25-ci ildönümündə keçiriləcək və sentyabr ayına nəzərdə tutulan, eyni zamanda, 2008-ci ilin Pekin Olimpiadasına vəsiqə sahiblərini müəyyənləşdirəcək dünya çempionatı ərəfəsində ən mötəbər yarış olacaqdır.
Avropanın ilk bədii gimnastika çempionatı 1978-ci ildə Madriddə keçirilmişdir. Onda mütləq çempion adını sovet gimnastı Həlimə Şuqurova qazanmışdı. Həlimədən sonra qitənin ən yaxşı idmançıları keçmiş SSRİ və Bolqarıstan, habelə Rusiya və Ukrayna gimnastları olmuşlar. Avropanın hazırkı çempionu isə rusiyalı Vera Sesinadır.
Builki Avropa çempionatının favoritləri isə Rusiya və Ukrayna, Belarus və Bolqarıstan, Yunanıstan və İspaniya gimnastları sayılırlar.
Təbii ki, mükafatlar uğrunda mübarizəyə Azərbaycan da qoşulacaqdır. Ölkəmiz fərdi proqramda 3 əsas və 1 ehtiyat gimnast, qrup hərəkətlərində isə yeniyetmələrdən ibarət komanda ilə təmsil olunacaqdır.
Bakıda Yunanıstanda keçiriləcək lisenziyalı dünya birinciliyinin püşkatma mərasimi də keçiriləcəkdir. Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvləri iyunun 30-da dünya çempionatında gimnastların və qrupların çıxışlarının ardıcıllığını müəyyənləşdirəcəklər. Avropa çempionatı başa çatdıqdan sonra Texniki Komitə iyulun 2-6-da Bakıda iclas keçirib, yeni qaydaları müzakirə edəcəkdir.
Beləliklə, Avropanın 22 çempionatı artıq arxada qalmışdır. Madriddən sonra Avropa turnirinin coğrafiyası belədir: Amsterdam (Hollandiya), Stavanger (Norveç), Vyana (Avstriya), Florensiya (İtaliya), Helsinki (Finlandiya), Geteborq (İsveç), Ştutqart (Almaniya), Buxarest (Rumıniya), Saloniki (Yunanıstan), Praqa (Çexiya), Asker (Norveç), Patrı (Yunanıstan), Portu (Portuqaliya), Budapeşt (Macarıstan), Saraqosa (İspaniya), Cenevrə (İsveçrə), Qranada (İspaniya), Riza (Almaniya), Kiyev (Ukrayna) və 2 dəfə Moskva (Rusiya).