“Avropanın yuvalayan quşlarının atlası-2” layihəsi Azərbaycanda uğurla icra olunur
Bakı, 13 aprel, G. Mahmudlu, AZƏRTAC
Beş il davam edəcək “Avropanın yuvalayan quşlarının atlası-2” layihəsi bütün Avropanı əhatə edir. İlk dəfə olaraq bu layihəyə postsovet respublikaları, o cümlədən Azərbaycan da qoşulub. Quşlar qışlayan, yuvalayan və köç edən növlərə bölünür. Bu atlas yuvalayan quşları əhatə edir. İlk atlas təxminən 10 il əvvəl hazırlanıb. Hər ölkədən bir təşkilat bu atlasın hazırlanması işinə cəlb edilib. Atlası Avropa İttifaqı hazırlayır. Baş idarə isə İsveçrənin Ornitoloji İnstitutudur. Onlar “Bird Life İnternational” təşkilatı ilə əməkdaşlıq edirlər. Bu qurumun dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən üzv təşkilatları var. Hər ölkədən bir təşkilat üzvdür və gələcəkdə bir neçəsi ola bilər. Azərbaycan Ornitoloji Cəmiyyəti də üzv təşkilatlardan biridir.
Bu barədə cəmiyyətin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov AZƏRTAC-a məxsusi müsahibəsində məlumat verib.
Daha sonra E.Sultanov bildirib ki, əsas işlər əksər quşların yuvalayan vaxtına, yəni aprel-iyun aylarına düşür. Quşlar müəyyən edilərkən səsi ilə tanınır. Bu quşlar xüsusi metodlarla qeydiyyata alınır: “Bütün ölkə 50 kvadratkilometrlik hissələrə bölünür. Bu bölgünün daxilində 10 kvadratkilometrlik hissələr də ayrılır. Seçilmiş yerlərdə bütün yuvalayan quşların növləri qeydiyyata alınır. Sonra xüsusi metodika - saat sayğısı ilə qeydiyyat aparılır. Daha sonra kompüter proqramı ilə sıxlıq da hesablanır. Bununla da quşların təkcə növ tərkibi öyrənilmir, bir kvadratkilometrə düşən sıxlığı da müəyyən edilir. Beləliklə, bu layihə vasitəsilə bütün Avropa üzrə quşların yayılması öyrənilir.”
Azərbaycanda 50 kvadratkilometrdən çox ərazidə qeydiyyat aparılır. Ötən il cəmiyyət tərəfindən 17 kvadratkilometr ərazidə işlər yekunlaşıb, cari ildə isə sayğı 16 kvadratkilometr sahəni - Kiçik Qafqazın cənub-şərqi, Lənkəran-Astara zonası, Bərdə və Tərtər rayonlarını əhatə edəcək. Qalan 20 kvadratkilometr ərazidə quşların sayğısı xaricdən gələn mütəxəssislər tərəfindən həyata keçiriləcək. Onların məlumatları isə cəmiyyətə göndəriləcək və orada yoxlanılacaq. Sonra bu informasiyalar ümumi məlumat bazasına yerləşdiriləcək.
Layihənin icrasına 2015-ci ildə quşların sayğısı ilə başlanılıb. Azərbaycan isə bu layihəyə ötən il qoşulub. Azərbaycan Ornitoloji Cəmiyyətindən beş mütəxəssis layihədə iştirak edir. Gələn il sayğı prosesi bitəcək və bütün məlumatlar toplanılacaq. Ondan sonra atlas hazırlanacaq. Bu isə 2 ilə qədər vaxt ala bilər.
Azərbaycanda 400 quş növü var. Ölkəmizdə yuvalayan quşların bir hissəsi il boyu oturaqdır. Turac, kəklik, Qafqaz uları, Qafqaz tetrası, kərkəslər bu qəbildəndir, bildirçin isə köçəridir. Azərbaycanda yuvalayan quşların sayı ümumi sayın təxminən üçdəbirini əhatə edir. Bu quşlar Şimal-Şərqi Afrikaya köç edir. Kiçik bir hissəsi isə Hindistana uçur. Nümunə olaraq sarıköynəyi misal çəkmək olar. Respublikamızın ərazisində quşların sayğısı zamanı hər əlli kvadratkilometrdə 50-60 növ tapılır.