Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin rəhbərləri Azərbaycan Turizm İnstitutunda olmuşlar
Bakı, 5 aprel (AZƏRTAC). Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin prezidenti Heyns Boyer və beynəlxalq əlaqələr üzrə prorektoru Karl Ensfelner Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşlar.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, qonaqların tələbələrlə görüşündə ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın əhəmiyyətini vurğulamış və proqram haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, indiyədək ATİ-nin 57 məzunu bakalavr pilləsi üzrə Azərbaycan-Avstriya Turizm Proqramını uğurla başa vurmuşdur. Hazırda məzunlarımız “Hilton Baku”, “Four Seasons” “Jumeirah Bilgah Beach”, “Marriotte Absheron”, “Fairmont”, “Kempinski Badamdar” kimi yeni açılmış otellər şəbəkəsində müxtəlif vəzifələrdə çalışırlar. Bəziləri Maldiv adaları, Birləşmiş Ərəb Əmirliyi kimi turizmi prioritet seçən ölkələrdə işləyir, bəziləri isə Şotlandiya, Türkiyə, Almaniyada təhsillərini davam etdirirlər.
H.Boyer İMC Krems Tətbiq Elmlər Universitetinin müxtəlif ölkələrdə beynəlxalq proqramlar həyata keçirdiyini və onların arasında Azərbaycan-Avstriya Turizm Proqramının ən uğurlu layihə olduğunu tələbələrin diqqətinə çatdırmışdır. Hazırda Bakıda keçirilən “AITF-2013” 12-ci Azərbaycan Beynəlxalq Turizm və səyahət sərgisində iştirak etdiyini deyən Heyns Boyer beynəlxalq səviyyəli tədbirlərin ATİ-nin tələbələri üçün də əhəmiyyətli olduğunu vurğulamışdır.
K.Ensfelner isə öz növbəsində cari tədris ilində olduğu kimi, növbəti ildə də proqramda oxuyan tələbələrin 1 semestr müddətində Avstriyada təhsil almaq imkanlarından, həmçinin praktik biliyin əldə edilməsində 22 həftəlik müddəti əhatə edən istehsalat təcrübəsinin əhəmiyyətindən danışmışdır. Bakalavr pilləsindən sonra təhsillərini davam etdirməyin vacibliyini diqqətə çatdıran K.Ensfelner, onları cari tədris ilindən magistratura səviyyəsində həyata keçirilən beynəlxalq proqrama dəvət etmişdir.
Sonra qonaqlar tələbələrin suallarını cavablandırmışlar.
2007-ci ildə ölkə tarixində ilk dəfə olaraq ATİ ilə İMC Krems Tətbiqi Elmlər Universiteti arasında bakalavr təhsil pilləsi üzrə akademik müqavilə imzalanmışdır. Akademik müqavilənin şərtlərinə əsasən, tələbələr üç tədris ili ərzində “Turizm və asudə vaxt menecmenti proqramı” üzrə ingilis dilində təhsil alırlar. Proqramı müvəffəqiyyətlə bitirən məzunlar hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edirlər. ATİ yalnız bakalavr təhsil pilləsi üzrə kadr hazırlığı ilə kifayətlənmir.
Hazırda Avstriya Universiteti ilə birlikdə magistr pilləsi səviyyəsində kadr hazırlığı həyata keçirilir. 2011-ci il oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer ATİ ilə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında magistratura səviyyəsində tədrisin təşkilini nəzərdə tutan əməkdaşlığa dair saziş imzalanmışdır. Hazırda 20 nəfər magistr tələbə bu proqram üzrə təhsil alır.