Avstriyanın tanınmış „Traveller“ jurnalında Azərbaycanın turizm imkanlarından bəhs edən məqalə dərc olunmuşdur
Vyana, 4 iyul (AZƏRTAC). Avstriyanın tanınmış „Traveller“ turizm jurnalında Azərbaycanın turizm imkanlarından bəhs edən „Azərbaycan - Xəzər dənizi sahillərində dinamik hotspot“ sərlövhəli məqalə dərc olunmuşdur.
Məqalədə neft və qaz kimi təbii sərvətlərlə zəngin olan Azərbaycanın bu sahədən əldə edilən gəlirlərini iqtisadiyyatın bir çox sahələri kimi, turizmin də inkişafına yönəltdiyi diqqətə çatdırılır. Qeyd olunur ki, bu istiqamətdə Avstriya ilə səmərəli əməkdaşlıq mövcuddur. Oxucuların diqqəti ilk növbədə „Şahdağ“ Qış-Yay Turizm Kompleksinin tikintisində görülmüş işlərə, Avstriya şirkətlərinin bu layihənin gerçəkləşdirilməsindəki roluna və həmin turizm kompleksdə ilin bütün fəsillərində qonaqlar üçün yaradılmış şəraitə cəlb edilir.
Qeyd olunur ki, Avstriya dost ölkədə turizm obyektləri və infrastrukturunun yaradılmasında iştirak etdiyi kimi, Azərbaycanda turizmin bir ixtisas kimi ali təhsil ocaqlarında tədrisinə də öz töhfəsini verir. Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin ilə Azərbaycan Turizm İnstitutu arasında artıq uzun illərdən bəridir ki, sıx əməkdaşlıq, tələbə mübadiləsi və bilik transferi həyata keçirilir.
Məqalədə səyahət həvəskarlarının diqqətinə, həmçinin Azərbaycana səfər etməyin rahatlığı və ölkədəki turizm sektorunun geniş imkanları ilə bağlı məlumatlar da çatdırılır. Qeyd edilir ki, “Avstriya Hava Yolları”na məxsus təyyarələr həftədə beş dəfə Vyana-Bakı-Vyana marşrutu üzrə birbaşa reyslər həyata keçirir. Turistlər bu imkandan yararlanaraq Xəzər dənizinin sahilində yerləşən, kosmopolit ab-havaya və heyrətamiz dinamikaya malik, qədim memarlıqla yeni üslubda tikilmiş binaların vəhdətini təşkil edən əsrarəngiz Bakı şəhərinə səfər edə bilərlər.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana