Aydın Səfixanlı: Azərbaycanın dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin adı silinməz izlər qoyub
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycanın dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin adı silinməz izlər qoyub. Biz tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan Konstitusiyasının memarı məhz Ulu Öndər Heydər Əliyevdir. Onun rəhbərliyi ilə hazırlanmış və qəbul olunmuş bu ali sənəd dövlətçiliyimizin hüquqi bünövrəsini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclisdə keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.
Konstitusiyada insan hüquqlarına verilən dəyərin xüsusi yer tutduğunu deyən A.Səfixanlı vurğulayıb ki, sənəddə dövlətin ali məqsədinin məhz insan hüquq və azadlıqlarının qorunması olduğu açıq şəkildə qeyd edilir. “Bu, Azərbaycan dövlətçiliyinin əsas fəlsəfəsini və xalqımızın dəyərlərə bağlılığını əks etdirir. Konstitusiyanın mühüm bir fəsli insan hüquqlarına həsr olunub və bu, dövlətimizin demokratik prinsiplərə sadiqliyinin bariz nümunəsidir. Azərbaycan bu məsələdə yalnız öz Konstitusiyası ilə kifayətlənmir, həm də beynəlxalq hüquqda təsbit olunmuş normaların həyata keçirilməsini öz üzərinə öhdəlik kimi qəbul edir. Bunun nəticəsində ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində çox səmərəli hüquqi müdafiə mexanizmləri yaradılıb”, - deyə aparat rəhbəri bildirib.
O qeyd edib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam təmin olunması Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində mümkün olub. Bu, həm də Konstitusiyamızda təsbit edilmiş suverenlik prinsipinin real həyatda öz təsdiqini tapmasıdır. “Azərbaycan bu gün dünya dövlətləri sırasında öz layiqli yerini tutubsa, bu, ilk növbədə, Ulu Öndərin yaratdığı möhkəm dövlətçilik təməlləri, eləcə də Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə bağlıdır. Suverenliyin qorunması, insan hüquqlarının təmin edilməsi və milli maraqların müdafiəsi ölkəmizin bugünkü uğurlarının əsas səbəbidir”, - deyə Ombudsman Aparatının rəhbəri əlavə edib.