Azərbaycan - beynəlxalq turizmin vitrini
Paris, 12 aprel (AZƏRTAC). Müxtəlif dillərdə yayımlanan euronws.com saytının fransız dilindəki variantında Azərbaycanda keçirilmiş “AİTF” Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisindən bəhs edən məqalə yerləşdirilmişdir.
Yazıda Bakıda keçirilmiş sərgidə 35 ölkənin və 250 şirkətin təmsil olunduğu, bu şirkətlərin öz turizm sənayesi potensiallarını genişləndirmək məqsədi ilə ölkəmizdə artıq formalaşan bazara çıxmağa ciddi maraq göstərdikləri diqqətə çatdırılmışdır.
Avropanın turizm sənayesinin də böhranla üzləşməsinə toxunulan məqalədə bildirilir ki, Avropa daha çox turist qəbul edən ölkədir. Amma son illər bu sahə ləng inkişaf edir. Böyük turist axınını qəbul edən Fransa kimi ölkədə onların, xüsusilə Amerika Birləşmiş Ştatlarından və Yaponiyadan gələn turistlərin sayı azalmağa başlamışdır. Bir tərəfdən buna səbəb 2011-ci ildən Amerika Birləşmiş Ştatlarında başlayan maliyyə böhranı və Yaponiyada baş verən sunamidirsə, digər tərəfdən Avropa ölkələrinin biri kimi Fransanın da turizm sənayesində müxtəlif mənfi amillərlə üzləşməsidir.
Məqalədə bildirilir ki, böhran məngənəsindən xilas ola bilməyən Yunanıstan ölkənin çıxış yolunu turizmin inkişafında görür və bu sahəni genişləndirmək, yeni ölkələr cəlb etmək üçün yollar axtarır. Məsələn, azərbaycanlı turistləri ölkəyə cəlb etmək məqsədi ilə yaxın vaxtlarda Bakı-Afina təyyarə reysinin fəaliyyət başlayacağı barədə məlumat verilir.
Yunanıstan-Azərbaycan Ticarət Palatasının sədri George Papadopoulos azərbaycanlı turistlərin ölkəsinə gəlişini təmin etmək üçün viza rejiminin sadələşdirildiyini bildirmişdir.
İstər yerli, istərsə də xarici mütəxəssislər Azərbaycanda turizmin imkanlarının getdikcə təkmilləşdirildiyini vurğulayırlar. Ölkənin iqtisadi inkişafında mühüm rol oynayan neft sənayesi ilə yanaşı, qeyri-neft sektoru kimi turizm imkanlarının da inkişafı hökumətin diqqət mərkəzindədir. Son illər bu sahədə müəyyən irəliləyişlər əldə edilmişdir.
Turizmin inkişafı ilə bağlı xüsusi beynəlxalq proqramın olduğuna diqqəti cəlb edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 3 milyondan artıq azərbaycanlının ölkə sərhədindən kənarda turizm səfərlərinə çıxdıqlarını və mənalı istirahət etdiklərini, eyni zamanda, 2, 5 milyon insanın isə turist marşrutu kimi Azərbaycanı seçməsi barədə səsləndirdiyi fikirlər məqalədə xüsusi qeyd olunur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris