AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN DÜNYAYAÇATDIRILMASININ TEXNOLOGİYASITƏKMİLLƏŞDİRİLMƏLİDİR
Tədbiri giriş sözü ilə açan institutun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev informasiya blokadasının ilk dövrünün xarakteristikasını vermiş, sonralar , xüsusilə 1993-cü ildən sonra bu blokadanın yarılması istiqamətində görülən işlərdən, o cümlədən institutun əməkdaşlarının fəaliyyətindən danışmışdır.
“Dəyrimi masa” iştirakçıları döyüş bölgələrində, münaqişə zonalarında həlak olmuş Azərbaycan jurnalistlərinin və onların digər ölkələrdən olan həmkarlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra çıxış edən institutun əməkdaşı Tatyana Çaladze də informasiya blokadasının ilk dövrünü xatırlatmışdır. O demişdir ki, Azərbaycan ətrafında əsl informasiya müharibəsi gedirdi. 1988-ci ildən başlayaraq,
postsovet KİV-lərində bir kəlmə belə həqiqət yox idi, hər şey təhrif edilmiş şəkildə təqdim olunurdu. Saxtalaşdırmaq mümkün olmayanda isə, sadəcə, həyasızcasına susurdular. Beləliklə, dünya Ermənistandan qovulanları görmədi, Sumqayıt hadisələrindən və 1990-cı ilin Qanlı Yanvarından, Xocalı soyqırımından, işğal edilmiş torpaqlardan təhrif olunmuş şəkildə xəbər tutdu. Son on il ərzində Azərbaycan informasiya blokadasını yarmışdır. Hərdən belə fikirlər səslənir ki, informasiya müharibəsində ermənilər qalib gəliblər. Xeyr, onların, sadəcə olaraq, hiyləgərlikləri çoxdur.
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşların İşləri üzrə Dövlət Komissiyasının nümayəndəsi Gülşən Əliyeva, Neft Akademiyasının prorektoru İmran Cəfərzadə, İnsan Hüquqları İnstitutunun əməkdaşı Araz Qurbanov, KİV təmsilçiləri Xəyal Tağıyev, Elçin Həsənov, Ümid Mirzəyev, Liliya Yusupova, Söhbət Məmmədov, yazıçı-publisist Elmira Axundova informasiya blokadasının yarılması, müasir dövr, yeni informasiya texnologiyaları, perspektivlər və digər məsələlər barədə danışmış, təkliflərini söyləmişlər. Belə bir yekdil fikir səslənmişdir ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının texnologiyası təkmilləşdirilməlidir. Dövlətin bilavasitə köməyi ilə informasiya mərkəzinin yaradılması böyük səmərə verərdi. Xaricdə jurnalist lobbimiz formalaşdırılmalıdır. Respublikamıza gələn jurnalistlər obyektiv materiallarla təmin olunmalıdır.
Rövşən Mustafayev məlumat vermişdir ki, MEA-nın Rəyasət Heyəti müzakirə olunan problemlə bağlı elmi tədqiqat işlərinin aparılması, o cümlədən dissertasiyaların yazılması təşəbbüsünü bəyənmişdir. Maraqlananlar İnsan Hüquqları İnstitutuna müraciət edə bilərlər.