Azərbaycan Los-Anceles turizm sərgisində təmsil olunmuşdur
Vaşinqton, 27 fevral (AZƏRTAC). “Los-Anceles Tayms” qəzeti tərəfindən Los-Anceles şəhərində keçirilmiş turizm sərgisində Azərbaycan da təmsil olunmuşdur.
Hər il 20 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-ın ən böyük turizm sərgilərindəndir. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən quraşdırılmış Azərbaycan stendində ölkəmizin turizm imkanları barədə müxtəlif bannerlər və nəşrlər vasitəsilə geniş məlumat verilmişdir. Həmçinin stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, nadir tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilmişdir. İştirakçılara Los-Ancelesdə fəaliyyət göstərən “Wonders of Azerbaijan” turizm şirkəti “İpək Yolu üzərində Azərbaycan”, “Aleksandr Dümanın izi ilə qida və şərab turu”, “Mədəni müxtəliflik turu” və “Eko-tur” kimi turizm paketleri təqdim etmişdir.
Stenddə qoyulmuş, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən “Qarabağ - Azərbaycanın zinət tacı” (Karabakh - Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusilə diqqətini cəlb etmişdir. Bannerdə Qarabağın füsunkar təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, Şuşa Qalası, Gövhərağa Məscidi, Gəncəsər Alban Monastrı kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunmuşdur. Həmçinin baş konsulluq tərəfindən, yuxarıda sadalananlar da daxil olmaqla, Qarabağa dair müvafiq kitabça hazırlanmış və sərgi iştirakçılarına paylanmışdır. Kitabçada Qarabağ barədə məlumat verilməklə yanaşı, eyni zamanda, Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur və işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır. Azərbaycan stendi sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Yusif Babanlı
Vaşinqton