Azərbaycan “milyardıncı turist” aksiyasına qoşulmuşdur
Bakı, 13 dekabr (AZƏRTAC). BMT-nin Dünya Turizm Təşkilatının (DTT) proqnozlarına görə, 2012-ci ilin 13 dekabr tarixi rəmzi olaraq planetimiz üzrə milyardıncı turistin beynəlxalq səyahət tarixi kimi qeyd olunur. Bu məqsədlə DTT-yə üzv olan ölkələrdə “milyardıncı turist” aksiyası keçirilir.
AZƏRTAC xəbər verir ki, bu aksiyaya qoşulan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi dekabrın 13-də Heydər Əliyev Beynəlxalq Aeroportunda tədbir təşkil etmişdir.
Tədbirdə aksiya haqqında məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Vüqar Şıxəmmədov bildirmişdir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı-London reysində uçacaq sərnişinlərdən biri dünya üzrə səyahət edən milyardıncı turist ola bilər. Sərnişinlərə nazirliyin və DTT-nin birgə hazırladıqları sertifikatlar təqdim olunacaqdır. Bununla da DTT-yə üzv olan hər bir ölkə kimi, Azərbaycan da “milyardıncı turist” aksiyasına qoşulacaqdır.
Sonra nazirlik tərəfindən aviareysin hər bir sərnişininə müvafiq sertifikat verilmişdir.
Bakı-London reysinin sərnişinlərindən biri, paytaxt sakini Elmira Əmirova sevincini bu sözlərlə ifadə etmişdir: ”Londonda yaşayan qızımın yanına gedirəm. Doğrusu, belə bir sürpriz gözləmirdim. Böyük turizm imkanları olan Azərbaycanın sadə bir vətəndaşının milyardıncı turist olmağa tam mənəvi haqqı çatır”.
Aksiyanı maraqla qarşılayan sərnişinlər təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.