Azərbaycan nümayəndə heyəti Türkiyənin İzmir şəhərində turizmlə bağlı beynəlxalq tədbirlərdə iştirak etmişdir
Bakı, 28 mart (AZƏRTAC). Martın 26-27-də Türkiyənin İzmir şəhərində Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (BMDTT) 55-ci iclası və "Ümumdünya İrs obyektlərində turizm: problemlər və imkanlar" mövzusunda seminar keçirilmişdir.
Bu beynəlxalq tədbirlərdə Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, seminarda mədəni irsin əlaqələndirilməsi mövzusunda çıxış edən N.Səmədov iştirakçılara ölkəmizin mədəni irsinin və turizm imkanlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat vermişdir.
Bundan əlavə, nümayəndə heyətimiz tərəfindən BMDTT-nin Avropa Komissiyasının növbəti iclasının 2014-cü ildə Bakıda keçirilməsi təklif olunmuşdur. Həmçinin, 2013-cü ilin avqust ayında Zambiya və Zimbabvedə keçiriləcək seçkilər zamanı Azərbaycanın Dünya Turizm Təşkilatının (DTT) İcraiyyə Şurasına üzv olması məsələsi bir daha qeyd olunmuşdur.
Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşdə Azərbaycan ilə BMDTT arasında əməkdaşlığın daha da genişləndirilməsi, bir neçə layihənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Görüşdə "Turizm haqqında" Azərbaycan Respublikası Qanunu layihəsinin işlənməsinə DTT tərəfindən yaxından köməklik göstərildiyinə görə Taleb Rifaiyə təşəkkür edilmişdir.