Azərbaycan polisi xalqın və ölkənin təhlükəsizliyinin keşiyində etibarlı dayanıb
Yevlax, 2 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
103 yaşlı Azərbaycan polisi bütün dövrlərdə xalqın və ölkənin təhlükəsizliyinin keşiyində etibarlı dayanıb, cinayətkarlığa qarşı qətiyyətli mübarizə apararaq dövlətçiliyin əsas sütunlarından birinə çevrilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Yevlaxda polis işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon Polis Şöbəsinin həyətində keçirilən tədbirdə çıxış edənlər polis işçilərini peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan polisinin keçdiyi yoldan, ölkədə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dincliyin təmin edilməsində polisin fəaliyyətindən, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıblar. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Azərbaycanın sakit və sabit ölkəyə çevrilməsi, həmçinin kriminogen durumun tam nəzarətə götürülməsi, cinayətkarlığa qarşı effektiv mübarizənin formalaşdırılması həm də daxili işlər orqanlarının şəxsi heyətinin fədakar fəaliyyətinin yekunudur. Respublikamızın uzun illərdir ki, Şərqi Avropa və MDB məkanında əhalinin say nisbəti üzrə ən az cinayətin baş verdiyi ölkələr sırasında lider mövqedə olması da Azərbaycan polisinin uğurlu fəaliyyətinin göstəricisidir.
Diqqətə çatdırılıb ki, daxili işlər orqanları birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən savaşında da ilk gündən müzəffər Ali Baş Komandanın mübariz əsgərlərinə çevrildilər. Daxili işlər orqanları ötən ildən etibarən cinayətkarlığa qarşı mübarizə və Vətən savaşından əlavə, üçüncü cəbhədə də ləyaqətlə döyüşüb. Bu, bütün dünyanı bürümüş qlobal pandemiyaya qarşı mübarizədir. Bu sahədə həyata keçirilən dövlət siyasətinin reallaşması üçün Azərbaycan polisi ilk gündən böyük məsuliyyətlə xidməti fəaliyyətə başlayıb. Daxili işlər orqanları, o cümlədən Yevlax polisi sərt karantin rejiminin bütün tələblərinin, qaydalarının yerinə yetirilməsinə nail olub. Bütün ölkə boyu, həmçinin Yevlax şəhərində və rayonun kəndlərində məhdudlaşdırıcı qaydalara nəzarət, karantin postlarının tətbiqi və digər genişmiqyaslı fəaliyyət həyata keçirib.
Tədbirin sonunda işində fərqlənən bir qrup polis əməkdaşına Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.