AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ PROSESSUAL MƏCƏLLƏSİNİN LAYİHƏSİ MİLLİ MƏCLİSDƏ BİRİNCİ OXUNUŞDA QƏBUL OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin mayın 31-də keçirilmiş iclasında əvvəlcə cari məsələlərə baxılmışdır. İclasa sədrlik edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deputatların qaldırdıqları məsələlərə münasibət bildirmişdir.
Sonra “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunmuşdur. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Rövşən Rzayev demişdir ki, dövlət qulluqçuları üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edəcək qanun layihəsi ilə bağlı ikinci oxunuşda səslənmiş rəy və təkliflərin əksəriyyəti nəzərə alınmış və sənəd əsaslı surətdə təkmilləşdirilmişdir. Deputatlar qanun layihəsinin üçüncü oxunuşun tələblərinə tam cavab verdiyini vurğulayaraq onu təsdiqləmişlər.
“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanun layihəsi barədə sosial siyasət daimi komissiyasının üzvü Elmira Axundova məlumat vermişdir. O demişdir ki, bu qanun ölkədə sosial adaptasiya mərkəzlərinin yaradılmasını, keçmiş məhbuslara tibbi, psixoloji, hüquqi, informasiya yardımının göstərilməsini nəzərdə tutur. İkinci oxunuşdan sonra deputatların təkliflərinə əsasən layihə üzərində ciddi iş aparılmış və sənəd əsaslı surətdə təkmilləşdirilmişdir.
Müzakirələr zamanı layihənin keçmiş məhbusların cəmiyyətdən təcrid olunmasının qarşısının alınmasında, onların tam hüquqlu vətəndaş kimi cəmiyyətdə öz yerini tutmasında və sosial adaptasiyasında mühüm rol oynayacağı xüsusi vurğulanmış və sənəd üçüncü oxunuşda qəbul olunmuşdur.
Daha sonra “Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyası” və “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikasının Şinhan Bankı arasında Yevlax-Gəncə magistral avtomobil yolu layihəsi üzrə” Kredit Saziş təsdiqlənmiş, “Dövlət qulluğu haqqında” Qanuna, eləcə də Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilmişdir.
Axşam iclasında isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin layihəsi müzakirə olunmuşdur. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü Rəfael Cəbrayılov demişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edəcəkdir.
Müzakirələr zamanı deputatlar layihəni yüksək qiymətləndirmiş, onun bu sahədə mövcud qanunvericiliyi daha da zənginləşdirəcəyini diqqətə çatdırmışlar. Sonda Məcəllə layihəsi birinci oxunuşda qəbul edilmişdir.
Sonra “Dövlət torpaqları haqqında” qanun layihəsi müzakirəyə çıxarılmışdır. Bildirilmişdir ki, dövlət torpaqları ilə bağlı qanunvericilikdə müəyyən müddəalar mövcuddur, lakin onlar bu məsələnin tənzimlənməsi üçün yetərli deyildir. Müzakirəyə təqdim olunan yeni layihə dövlət mülkiyyətində olan torpaqların idarə edilməsinin, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edəcək, bu torpaqlar üzərində hüquq münasibətlərini tənzimləyəcəkdir. Layihədə dövlət torpaqları, onlardan istifadə, bu torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi, onların idarə edilməsi və mühafizəsi məsələləri öz əksini tapmışdır.
İclasın sonunda qanun layihəsi birinci oxunuşda səsə qoyularaq təsdiqlənmişdir.