Azərbaycan Tbilisidə açılmış beynəlxalq turizm sərgisində uğurla təmsil olunur
Tbilisi 12 aprel (AZƏRTAC). Tbilisidə 15-ci Beynəlxalq turizm sərgisi açılmışdır.
Sərgidə 7 ölkədən 100-dək şirkət təmsil olunur. Buradakı 50-dək stenddə həmin ölkələrin turizm potensialı nümayiş etdirilir.
Sərgidə Azərbaycanın turizm şirkətləri təmsil olunurlar.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin daxili turizm şöbəsinin əməkdaşı Cəmil Kəlbəliyev AZƏRTAC-a demişdir ki, məqsədimiz ölkəmizin turizm potensialını bizə qonşu olan Gürcüstanda, həmçinin iştirakçı ölkələrin nümayəndə heyəti üzvləri arasında daha geniş yaymaqdır. O, bildirmişdir ki, Azərbaycanı sərgidə 9 turizm şirkəti, həmçinin mehmanxanalar təmsil edirlər. Onların hamısının iştirakçıların diqqətini cəlb etdiyinin şahidi olduq. Artıq təbliğat materiallarımız əldən-ələ gəzir, stendimizə maraq böyükdür.
C.Kəlbəliyev demişdir ki, son illər Azərbaycandan Gürcüstana olduğu kimi, Gürcüstandan da Azərbaycana gələn turistlərin sayında artım meylləri müşahidə olunur və gürcüstanlı turistləri ölkəmizin mehmanxana, turizm şirkətləri, restoranlar, həmçinin müalicə obyektləri, dağ turizminin yüksək xidməti qane edir.
Sərginin açılış mərasimində iştirak edən Gürcüstan ətraf mühitin mühafizəsi naziri Xatuna Qoqoladze Azərbaycanın turizm şirkətlərinin iştirakından məmnunluğunu və hər sahədə olduğu kimi, turizm sahəsində də əməkdaşlığımızın başqalarına nümunə göstəriləcək səviyyədə qurulacağına əminliyini vurğulamışdır. Nazir bu sərginin iştirakçı ölkələrin turizm potensialının populyarlaşdırılması, əhalinin məlumatlandırılması sahəsində mühüm rol oynayacağını qeyd etmişdir.
“Dila-+” turizm şirkətinin meneceri Tamara Çelidze demişdir ki, Bakının memarlığı məni valeh etmişdir və bu qədim şəhərdə bir neçə il əvvəl olmuşam, onu seyr etməkdən doymamışam. Mən o zaman “Abşeron” mehmanxanasında yerləşmişdim, indi dostlarımdan aldığım məlumata görə, həmin mehmanxana tanınmaz dərəcədə bərpa olunmuş, Bakı isə qədim şəhərin gözəllikləri qorunmaqla daha da gözəlləşmişdir, burada nəhəng tikinti, abadlıq işləri aparılır. Mən hamıya vaxt tapıb heç olmasa ömründə bir dəfə Bakını görməyi məsləhət bilirəm. Bakını görməmək, məncə, qəbahətdir.
Sərgi aprelin 14-dək davam edəcəkdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi