Azərbaycan Turizm İnstitutunun əməkdaşı Cənubi Qafqaz regionunun mədəniyyət menecerləri üçün treninqlərdə iştirak etmişdir
Bakı, 4 mart (AZƏRTAC). Gürcüstanın Tbilisi və Almaniyanın Berlin şəhərlərində Cənubi Qafqaz regionunun mədəniyyət menecerləri üçün treninqlər keçirilmişdir.
Azərbaycan Turizm İnstitutunun (ATİ) baş müəllimi Sevil Kərimova həmin treninqlərdə iştirak etmişdir.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, “European House” tərəfindən təşkil olunmuş treninq Almaniyanın Robert Bosh Fondu, Marşal Fondu, “MitOst” təşkilatının dəstəyi ilə keçirilmişdir.
Treninqin birinci mərhələsi Cənubi Qafqaz regionunda, ikinci mərhələsi isə Almaniyada təşkil edilmişdir.
Tədbirin əsas məqsədi Cənubi Qafqaz regionunda mədəniyyət menecerlərinin fəaliyyətinin inkişafı və regionda mədəniyyətlərarası mübadiləni genişləndirməkdən ibarətdir.
Tbilisidə keçirilmiş treninq almaniyalı mütəxəssislər Katerina Lisovtis və Karolin Savçuk tərəfindən aparılmışdır. Tədris zamanı layihənin müəyyənləşdirilməsi, məqsəd və vəzifələri, struktur planı, büdcə istiqamətləri, strateji planlaşdırılma və digər məsələlərə aydınlıq gətirilmişdir.
Təlimin sonunda iştirakçıların hazırladıqları layihələrin təqdimatı olmuşdur. Azərbaycan təmsilçisi S.Kərimova da hazırladığı fotosərgi konsepsiya layihəsini iştirakçılara təqdim etmişdir.
Təlim günlərində ATİ-nin əməkdaşı iştirakçılarla birlikdə Gürcüstan Milli Muzeyində bir sıra görüşlər keçirmişdir.
Berlin şəhərində altıgünlük treninq zamanı Almaniyanın mədəniyyət siyasətinin əsas istiqamətləri haqqında mühazirələr dinlənilmişdir. Tədbirin sonuncu günündə təcrübə aparmaq üçün Berlinin bir küçəsində tədqiqat aparılmış və təcrübənin yekunu kimi qaliblərə sertifikatlar verilmişdir.
Sonra treninq iştirakçıları Berlin şəhərinin görməli yerlərini gəzmiş, Berlin kinofestivalında iştirak etmiş, TÜRKSOY-un dəstəyi ilə türk diasporunun nümayəndələri ilə görüşmüşlər.
Treninqin sonunda iştirakçılar təmsil etdikləri ali məktəb tələbələrini Robert Bosh Fondu və “MitOst” təşkilatının reallaşdırdıqları proqramlarla tanış etmək, ATİ-nin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasında təhsil alan tələbələr üçün xüsusi təqdimatlar hazırlanması qərara alınmışdır.