MƏDƏNİYYƏT
Azərbaycan Turizm İnstitutunun nümayəndə heyəti TEMPUS proqramı çərçivəsində Almaniyada olmuşdur
Bakı, 30 yanvar (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun (ATİ) nümayəndə heyəti Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində Almaniyada olmuşdur.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, ATİ “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” layihəsində tərəfdaş ali təhsil müəssisələrindən biridir. Almaniya, İrlandiya, Latviya, həmçinin Cənubi Qafqaz dövlətlərinin tərəfdaş olduqları və 3 il müddətində davam edəcək layihə regionda turizm sahəsində təhsilin keyfiyyətinin artırılmasına istiqamətlənmişdir.
Layihə çərçivəsində ilk görüş Almaniyanın Vilhelmshaven şəhərində keçirilmişdir.
Görüşü Almaniyanın Jade Tətbiqi Elmlər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, həmçinin layihə koordinatoru Uve Vaythoner açmışdır. Vilhelmshaven şəhərinin meri Holger Barkovski, Azərbaycan Turizm İnstitutunun xarici əlaqələr və layihələr şöbəsinin müdiri Şəhla Əhmədova çıxış edərək layihənin əhəmiyyəti haqqında danışmışlar.
Tədbirdə Cənubi Qafqaz dövlətlərinin hər birindən iki nəfərdən ibarət rəhbər komitə təşkil edilmişdir. Azərbaycan üzrə rəhbər komitəyə Azərbaycan Turizm İnstitutunun tədqiqat və inkişaf şöbəsinin layihələr üzrə böyük mütəxəssisi Kazım Quliyev və “Ekosfera” Sosial-Ekoloji Mərkəzin direktoru Firuzə Sultanzadə seçilmişdir.
Ümumilikdə, Azərbaycan nümayəndə heyəti adından Azərbaycan Turizm İnstitutu, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Mingəçevir Turizm Kolleci, Azərbaycan Turizm Assosiasiyası, Bakı Turizm İnformasiya Mərkəzi, “Ekosfera” Sosial-Ekoloji Mərkəzin, “Millennium Turizm və Konqres” MMC və “Təbiət dostları” qeyri-hökumət gənclər təşkilatının nümayəndələri iştirak etmişlər.
Görüşdə layihənin mərhələləri, iş bölgüsü aparılmış, işçi qruplarının gələcək fəaliyyət istiqamətləri müəyyən edilmişdir.