AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNİN DAHA DA İNKİŞAF ETDİRİLMƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Qonağı səmimi salamlayan Baş nazir Artur Rasizadə ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan dövlətinin strateji tərəfdaşımız olan dost və qardaş Türkiyə Cümhuriyyəti ilə siyasi, iqtisadi, mədəni əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxladığını vurğuladı.
Görüşdə ölkələrimiz üçün mühüm əhəmiyyət daşıyan sosial məsələlər ətrafında danışılarkən qeyd olundu ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində böyük təcrübə toplamış Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadilələrinin aparılması hər iki tərəf üçün faydalı olardı. Sonra əhalinin məşğulluğu, miqrasiya, əməyin mühafizəsi, yeni iş yerlərinin açılması, pensiya təminatı, tibbi sığorta, əlillərin sosial müdafiəsi və digər istiqamətlərdə geniş fikir mübadiləsi oldu. İkitərəfli əlaqələrin tənzimlənməsi üçün zəruri hüquqi bazanın yaradılması məqsədi ilə səfər müddətində Azərbaycan və Türkiyə hökumətləri arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair Prosedur Müqavilənin imzalanması da müsbət hal kimi qeyd olundu.
Söhbət zamanı Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinə dair bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz qəbulda iştirak edirdilər.