Azərbaycan və Çin arasında turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir
Bakı, 23 iyul (AZƏRTAC). İyulun 23-də Çinin “CİTİC Limited” şirkətinin rəhbərliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri arasında görüş keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə “CİTİC Limited” şirkətinin vitse-prezidenti Jao Jingven və “СİTİC Tourism Group Co Ltd” şirkətinin prezidenti Ji Ruo Linin başçılıq etdikləri nümayəndə heyətinin üzvləri Çin və Azərbaycan arasında turizm sahəsində əlaqələrin inkişaf perspektivlərinə toxunmuş, bu əməkdaşlığın səviyyəsini daha da yüksəltməyin vacibliyini bildirmişlər.
Eyni zamanda, Çin tərəfi bu ölkənin turist qruplarının Azərbaycana səfərinin təşkili barədə dövlətlərarası xüsusi sazişin imzalanması məsələsinin vacibliyini vurğulamışdır.
Azərbaycan tərəfi isə öz növbəsində Çin nümayəndə heyətini iki ölkənin turizm sektorunda əməkdaşlığın mövcud durumu haqqında məlumatlandıraraq, dövlətimizin əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirmişdir.
Görüş zamanı Çin və Azərbaycanın turizm şirkətləri arasında ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılmış və qarşılıqlı infoturların təşkili məsələsi təklif olunmuşdur.
Daha sonra qonaqlara Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verilmişdir.