Azərbaycan yanvar ayında dörd beynəlxalq turizm sərgisində təmsil olunacaqdır
Bakı, 9 yanvar (AZƏRTAC). Bu ilin yanvar ayında Azərbaycanın turizm imkanları dörd beynəlxalq sərgidə nümayiş etdiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu sərgilərdən birincisi yanvarın 18-dən 20-dək ABŞ-ın Nyu-York şəhərində gerçəkləşəcəkdir. “The New York Times Travel Show” adlı həmin sərgidə ölkəmizin turizm imkanlarının təbliğ olunması üçün nazirlik tərəfindən 28 kvadratmetrlik pavilyon icarəyə götürülmüşdür.
Burada Azərbaycanın regionlarını, paytaxt Bakını, ölkəmizin təbiətini, milli mətbəximizi, turizm potensialını təbliğ etmək məqsədilə ingilis dilində 20 adda reklam-çap məhsulu nümayiş olunacaqdır. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə yanaşı, ölkəmizin 8 turizm şirkətinin təmsilçiləri də iştirak edəcəklər.
İkinci sərgi yanvarın 24-dən 27-dək Türkiyənin İstanbul şəhərində reallaşacaq “EMİTT-2013”dür. Sərgidə ölkəmizi nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcəkdir. Burada nazirlik tərəfindən icarəyə götürülmüş sahədə ingilis və türk dillərində hazırlanmış 25 adda reklam-çap məhsulları ziyarətçilərə paylanacaqdır. Sərgidə, eyni zamanda, Azərbaycanın 9 turizm şirkəti və 5 mehmanxanası da öz məhsullarını nümayiş etdirəcəkdir.
Yanvar ayında Azərbaycanın təmsil olunacağı daha bir sərgi İranın paytaxtı Tehranda keçiriləcəkdir. “HT&T Iran Hotel, Travel & Tourism Show” sərgisində Azərbaycanın turizm imkanları 60 kvadratmetrlik pavilyonda təqdim olunacaqdır. Bu sərgidə də ölkəmizin turizm şirkətləri və mehmanxanaları iştirak edəcəklər.
Bu ay Azərbaycanın iştirak edəcəyi sonuncu tədbir İspaniyanın Madrid şəhərində keçiriləcək “Fitur” beynəlxalq turizm sərgisidir. Burada ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə 4 turizm şirkəti təmsil edəcəkdir. Sərgidə 51 kvadratmetrlik pavilyonda Azərbaycanın turizm potensialı ingilis və ispan dillərində hazırlanmış 30 adda CD, kitabça və disklərlə təqdim olunacaqdır.