Azərbaycanda meşə örtüyünün sahəsi 0.4 faiz artıb
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin təsdiq edilməsi haqqında” Fərmanından sonra aqrar sahəyə xüsusi diqqət ayrılıb. Bununla da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə öhdəliklər düşür. Meşə fondunun potensial imkanlarından səmərəli istifadə olunması məqsədilə açıq sahələr müəyyən edilib. Həmin ərazilərdə plan-proqnoza əsasən, 22 min hektar aqromeşə massivinin salınması nəzərdə tutulub. On yeddi il ərzində görülən işlərin sayəsində respublika ərazisində meşə örtüyünün sahəsi 0.4 faiz artıb. Bu vaxta qədər isə 1120 hektar sahədə aqromeşə massivi salınıb.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentindən məlumat verilib.
Cari ildə 4 min hektar açıq sahədə əkin aparılması planlaşdırılıb. Əsasən də hər regiona uyğun meyvə bağlarının salınması nəzərdə tutulub. Həmin məqsədlə 2 milyondan artıq çilik hazırlanıb və ərazilərdə basdırılıb. Gələn il onlardan istifadə edilməsi mümkün olacaq. Bundan əlavə, qapalı kök sistemlərdə, yəni torbalarda əkin materiallarının yetişdirilməsi nəzərdə tutulub. Onları istənilən fəsildə şərait yarandıqda əkmək olar.
Daha sonra bildirilib ki, beş il ərzində 80 milyon 145 min meyvə tinginin yetişdirilməsi nəzərdə tutulub. Bu məqsədlə 581 ton toxum tədarük olunmalıdır. Cari ilin ilk üç ayında isə 15 min kiloqrama qədər toxum tədarük edilərək tinglik sahələrə səpilib. Ümumiyyətlə, 2017-ci ilin sonuna kimi 9 milyon 520 min meyvə tinginin yetişdirilməsi planlaşdırılıb. Daha çox badam, püstə, innab kimi xaricdən idxal olunan meyvə bitkilərinə üstünlük verilir. Bu, həm idxalı azaltmaq, həm də ixrac potensialını artırmaq məqsədi daşıyır.
Meşə əkinləri ilə yanaşı, onların qorunmasına da xüsusi diqqət yetirilir. Ağacların qanunsuz olaraq kəsilməsi ilbəil azalır. Aqromeşələrin salınması, ağac kəsiminin qarşısının alınması və azalması meşələrdən kompleks şəkildə istifadəyə gətirib çıxarmaqla yanaşı, aqrar sektorun inkişafına da dəstək olacaq.