AZƏRBAYCANDA SEÇKİLƏRİN AZAD, DEMOKRATİK VƏ ŞƏFFAF KEÇİRİLMƏSİ ÜÇÜN HƏR CÜR ŞƏRAİT YARADILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu fikir avqustun 24-də 70 nömrəli Masallı şəhər və 71 nömrəli Masallı kənd seçki dairələri dairə seçki komissiyalarının yeni inzibati binalarının istifadəyə verilməsi ilə əlaqədar keçirilən toplantılarda səslənmişdir.
Mərasimlərdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Prezidentin İcra Aparatının məsul işçisi Mikayıl Hüseynov, MSK-nın üzvü Qabil Orucov, Milli Məclisin deputatları Əhəd Abıyev və Elmira Axundova, dairə seçki komissiyalarının sədrləri Elxan Məmmədov və Hacırza Nağıyev çıxış edərək ölkəmizdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsini təmin etmək üçün əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş seçki islahatlarının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.
Rayon ictimaiyyətinin, ağsaqqalların, ziyalıların və gənclərin nümayəndələri toplantılarda çıxış edərək seçki komissiyalarının səmərəli fəaliyyət göstərmələri üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmiş, 2008-ci ildə Azərbaycanda keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini vurğulamışlar.
Tədbir iştirakçıları lazımi avadanlıq və kompyuterlərlə təchiz edilmiş yeni inzibati binalarda yaradılan şəraitlə yaxından tanış olmuşlar.