Azərbaycanda turizmin inkişafının bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur
Bakı, 12 dekabr (AZƏRTAC). Ulu öndər Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar Azərbaycan Turizm İnstitutunda (ATİ) silsilə tədbirlər keçirilmişdir.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirlər çərçivəsində institutun kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmişlər.
Dekabrın 12-də bütün ixtisaslar üzrə təhsil alan tələbələr ilk dərs saatında “Heydər Əliyev və Azərbaycanın bugünkü yüksəlişi” mövzusunda mühazirə-seminarın dinləyicisi olmuşlar.
Mühazirə-seminarda müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünya dövlətləri sırasında layiqli yer tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri, eləcə də elm və təhsilə göstərdiyi diqqət və qayğıdan ətraflı söhbət açılmışdır.
Seminarda “ümummilli liderin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, siyasi müdriklik nümunəsi hər birimizin istinad işığıdır” fikri xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə turizmin inkişafı ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilmişdir. 1969-cu ildə ölkəmizin müxtəlif bölgələrində turizm büroları və turist bazaları fəaliyyətə başlamışdır. Ulu öndərin təşəbbüsü ilə 1983-cü ildə Xəzərin Azərbaycan sahillərində ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə xüsusi qərar qəbul edilmişdir.
“ATİ Media”da ulu öndərin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.