SİYASƏT
Azərbaycanın balanslaşdırılmış siyasəti haqqında faktlar Misir mətbuatında
Ş.Abdullayev məqalədə “ADEX 2014” sərgisindən bəhs edib, bu sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və rəsmi nümayəndə heyətinin iştirak etdiyini vurğulayıb və belə bir mötəbər tədbirin keçirilməsinin təsadüfi olmadığını bildirib.
Səfir Azərbaycanın iqtisadi və sosial sahələrdə böyük nailiyyətlər qazandığını, buna baxmayaraq, qarşıda duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu və həmin münaqişənin regional və beynəlxalq sülhə təhlükə yaratdığını vurğulayıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu vurğulayan diplomat, təcavüzkar dövlətin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırır. Eyni zamanda, məqalədə zəbt olunmuş ərazilərdə Azərbaycanın mədəni, tarixi, həmçinin islam abidələrinin dağıdıldığı, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin tələblərinin işğalçı dövlət tərəfindən indiyədək yerinə yetirilmədiyi bildirilir.
Ölkəmizin beynəlxalq əlaqələrinə toxunan səfir bildirib ki, Azərbaycan Respublikası öz milli maraqlarına uyğun olaraq qarşılıqlı hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyü, başqa ölkələrin daxili işlərinə qarışmamaq kimi prinsiplər əsasında dünya ölkələri ilə əməkdaşlıq edir.
Ş.Abdullayev, eyni zamanda, Azərbaycanın müsəlman dünyasının ayrılmaz hissəsi olduğunu, ölkəmizin İslam mədəniyyətində oynadığı rolu qeyd edib və bildirib ki, rəsmi Bakı üzv olduğu beynəlxalq təşkilatlarda ərəb və İslam dünyasının ədalətli mövqeyini dəstəkləyir.
Müəllif, həmçinin Azərbaycanın müstəqilliyinin ilk dövründən indiyədək şəffaf xarici siyasət həyata keçirdiyini, heç bir dövlətlə gizli əlaqələrinin olmadığını vurğulayıb, eyni zamanda, başqa dövlətlərin hərbi bazalarının Azərbaycan ərazilərində olmadığını və öz hava məkanından digər dövlətə qarşı istifadə olunmasına heç bir şəkildə icazə verməyəcəyini vurğulayıb.
Məqalə ilə bu linkdə tanış olmaq olar:
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə