AZƏRBAYCANIN ÇİNDƏKİ SƏFİRLİYİNDƏ XOCALI SOYQIRIMININ 18-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, tədbirdə Pekindəki Azərbaycan diasporunun nümayəndələri, Çində akkreditə olunmuş xarici ölkələrin səfirləri və diplomatik missiyaların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Səfir Yaşar Əliyev mərasimdə çıxış edərək XX əsrin ən dəhşətli və qəddar soyqırımı aktlarından olan Xocalı faciəsi haqqında ətraflı məlumat vermiş, erməni quldur dəstələrinin vəhşiliklərindən danışmışdır. O, qeyd etmişdir ki, Xocalı soyqırımını törətməkdə erməni ideoloqlarının məqsədi Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilməmişdir.
Diplomat bildirmişdir ki, Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda saxlamalıdır. Soyqırımını törədənlərin cəzalandırılması üçün davamlı addımlar atılmalıdır.
Səfirlikdə Xocalı faciəsindən bəhs edən fotosərgi açılmış, sənədli film nümayiş etdirilmişdir. Qonaqlara Xocalı soyqırımına aid jurnal, kitab və CD-lər təqdim edilmişdir.
Xocalı soyqırımının ildönümü ərəfəsində Çində akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərə, ölkənin müvafiq dövlət orqanlarına, araşdırma institutlarına (Çin Beynəlxalq Problemlər İnstitutu, Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutu, Rusiya, Şərqi Avropa və Orta Asiya Araşdırma İnstitutu və Çin Sosial Elmlər Akademiyası), yerli və xarici mətbuat orqanlarına tanınmış Avstriya alimi Erix Fayqlın səfirlik tərəfindən nəşr etdirilmiş “Kəskin dönüş, erməni mifomaniyası və həqiqət” kitabı və kompakt disklər (çin, ingilis və rus dillərində), həmçinin Xocalı soyqırımına aid mətbuat açıqcası göndərilmişdir.