AZƏRBAYCANIN MİNSKDƏKİ SƏFİRLİYİ QARABAĞ HƏQİQƏTLƏRİNİ BELARUS İCTİMAİYYƏTİNƏ ÇATDIRMAQ İSTİQAMƏTİNDƏ MƏQSƏDYÖNLÜ İŞ APARIR
Minsk, 26 fevral (AZƏRTAC). Azərbaycanın Belarusdakı səfirliyi təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün mütərəqqi bəşəriyyətə qarşı yönəldilmiş bir faciənin - Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar xatirə gecəsi təşkil etmişdir.
Xatırladaq ki, AZƏRTAC diplomatik nümayəndəliyimizin “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Minskdə və Belarusun digər regionlarında Xocalı soyqırımı ilə bağlı bir sıra tədbirlərin keçirilməsi barədə məlumatlar yaymışdır.
Əvvəlcə günahsız Xocalı qurbanlarının nurlu xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Ölkəmizin Minskdəki səfiri Əli Nağıyev, Azərbaycan diasporunun rəhbəri Natiq Bağırov və digər natiqlər Ermənistan-Azərbaycan, Dağlıq Qaqrabağ münaqişəsinin tarixindən ətraflı söz açmış, Azərbaycan tarixinin ən müdhiş səhifələrindən biri olan Xocalı soyqırımı üzərində ətraflı dayanmışlar.
Natiqlər xüsusi vurğulamışlar ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları, ərazi bütövlüyünə və beynəlxalq hüquq normalarına riayət edilməsi yolu ilə həlli istiqamətində sistemli, məqsədyönlü siyasət yürüdür.
Belarus ictimaiyyətinin nümayəndələri və diasporumuzun üzvləri ermənilərin Xocalıda törətdikləri vəhşilikləri təsdiq edən sənədli kadrları izləmiş, Heydər ƏLiyev Fondunun təqdim etdiyi, Qarabağ reallıqlarından söz açan kitablar, kitabçalar və nəşrlər, habelə “Müharibə uşaqların gözü ilə” sərgisi ilə tanış olmuşlar.
Matəm mərasimi başa çatandan sonra ehsan verilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk