Azərbaycanın Moskvadakı səfirliyində səsvermə başa çatıb
Moskva, 11 aprel, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfirliyində prezident seçkiləri ilə əlaqədar yaradılmış seçki məntəqəsində səsvermə başa çatıb.
AZƏRTAC xəbər verir ki, səfirliyin binasında yerləşən 17 saylı Yasamal üçüncü seçki dairəsinin 47 saylı məntəqəsində səsvermə Moskva vaxtı ilə saat 19:00-da başa çatıb. Seçkinin gedişatı barədə məlumatlar gün ərzində Mərkəzi Seçki Komissiyasına göndərilib.
Seçki məntəqəsinin sədri Ağalar Atamoğlanov jurnalistlərə bildirib ki, məntəqədə qeydiyyatda olan 1499 nəfərin hamısı səs verib. O deyib: “Seçicilər səsvermədə fəal iştirak ediblər. Seçki prosesi artıq başa çatıb. Seçki qutusu mətbuat nümayəndələrinin iştirakı ilə açılıb və bülletenlərin sayılmasına başlanacaq”.
Qeyd edək ki, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun aparılıb. Yekun nəticələr xüsusi proqram vasitəsilə Mərkəzi Seçki Komissiyasına göndəriləcək.
Bu il Azərbaycanın Rusiyadakı səfirliyi ilk dəfə səsvermə hüququndan istifadə edən Azərbaycan vətəndaşları üçün şəhadətnamələr hazırlamışdı. Şəhadətnamələri səfir Polad Bülbüloğlu təqdim edib.
Azərbaycanın Sankt-Peterburqdakı və Yekaterinburqdakı baş konsulluqlarında da səsvermə prosesi başa çatıb. Sankt-Peterburqdakı baş konsul Sultan Qasımovun sözlərinə görə, baş konsulluqda yaradılmış seçki məntəqəsində qeydiyyatda olan 841 seçicinin hamısı səs verib. Yekaterinburqdakı baş konsulluqda da qeydiyyatda olan seçicilərin fəallığı 100 faizdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva