SİYASƏT
Azərbaycanın Niderland krallığındakı səfiri BAK-ın Rotterdamdakı cəmiyyətində olmuşdur
Paris, 4 mart (AZƏRTAC). Mərkəzi qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycanın Niderland Krallığındakı səfiri Mirhəmzə Əfəndiyev və diplomatik korpusun əməkdaşları BAK-ın Rotterdam şəhərində fəaliyyət göstərən Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin ofisini ziyarət etmişlər.
BAK üzvləri ilə görüşdən əvvəl M.Əfəndiyev keçən il Rotterdam şəhərində “Bakı” adı verilən küçə ilə yaxından tanış olmuşdur. BAK-ın Rotterdam təşkilatının ofisində qurumun sədri Elsevət Məmmədov rəhbərlik etdiyi Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin fəaliyyəti və qarşıdakı planlar barədə səfirə ətraflı məlumat vermişdir.
Görüşdə səfir Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin xalqlarına çatdırılmasında diasporamızın gördükləri işləri yüksək qiymətləndirmiş, son vaxtlar bu istiqamətdə uğurlu addımlar atıldığını diqqətə çəkmişdir. M.Əfəndiyev qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təbliğat işində artıq müdafiədən hücuma keçmək barədə səsləndirdiyi fikri diaspor təşkilatları özlərinin əsas fəaliyyət istiqaməti hesab etməli, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzuna xələl gətirən, böhtan atan qara qüvvələrə qarşı ciddi mübarizə aparmalı, onları ifşa etməli, Azərbaycan həqiqətləri barədə avropalılara hərtərəfli məlumat verməlidirlər.
Səfir təşkilatın rəhbərliyi və üzvləri ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparmışdır.
M.Həmzəyev Rotterdamda fəaliyyət göstərən həftəsonu Azərbaycan dili məktəbinin fəaliyyəti ilə maraqlanmışdır
Görüşdə Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov da iştirak etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris