Azərbaycanın qeyri-neft ixracı 3 milyard dollara yaxınlaşıb
Bakı, 6 yanvar, AZƏRTAC
2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 3 milyard ABŞ dollarına yaxınlaşıb.
AZƏRTAC İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya istinadən verdiyi məlumata görə, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2 991,99 milyon ABŞ dolları təşkil edib. Bu, 2021-ci illə müqayisədə 10,3 faiz çoxdur.
Ötən ilin IV rübündə qeyri-neft məhsullarının ixracı 875,22 milyon ABŞ dolları təşkil edib ki, bu da III rüb ilə müqayisədə 32,8 faiz çoxdur. 2022-ci ilin təkcə dekabr ayında qeyri-neft məhsullarının ixracının dəyəri 303,48 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2 milyard 713,4 milyon ABŞ dolları təşkil edib.