AZƏRBAYCANIN SANKT-PETERBURQDAKI BAŞ KONSULU KARELİYADA YAŞAYAN SOYDAŞLARIMIZIN VƏZİYYƏTİ İLƏ MARAQLANMIŞDIR
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan AZƏRTAC-a bildirmişlər ki, baş konsul Qüdsi Osmanov Rusiya Federasiyasının Şimal-Qərb dairəsinə səfəri çərçivəsində Kareliya Respublikasında olmuşdur.
Q.Osmanovun Kareliya parlamentinin sədr müavini, daxili işlər, milli siyasət nazirləri, prokuroru, Rusiya Prezidentinin Kareliyadakı səlahiyyətli nümayəndəsi, Petrozavodsk şəhərinin meri ilə görüşlərində Kareliyada yaşayan azərbaycanlıların vəziyyəti, Azərbaycan dilində bazar günü məktəblərinin fəaliyyəti, qeyri-leqal yaşayan soydaşlarımızın leqallaşma prosesinin həyata keçirilməsi, habelə ikitərəfli iqtisadi və mədəni əlaqələr müzakirə edilmişdir.
Səfər çərçivəsində Rusiyada əmək miqrantlarına dair yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar soydaşlarımıza hüquqi yardımın göstərilməsi, onların təşkilatlanması məsələsi də diqqət mərkəzində olmuşdur. Belə ki, Kareliyanın paytaxtı Petrozavodskda Azərbaycan diasporu ilə geniş tərkibdə keçirilən görüşdə azərbaycanlıların milli mədəni muxtariyyəti yaradılmış, muxtariyyətin 15 nəfərdən ibarət şurası təsdiq olunmuşdur. Qeyd edək ki, Kareliyada 7 minə yaxın azərbaycanlı yaşayır.
Q.Osmanov Azərbaycan Prezidentinin xaricdə yaşayan həmvətənlərimizə göstərdiyi diqqət və qayğıdan söhbət açmışdır.
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Kareliyadakı nümayəndəliyi və Daxili İşlər Nazirliyi ilə əldə olunmuş razılığa əsasən, yaxın vaxtlarda baş konsulluğun konsulu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hazırda Sankt-Peterburqda ezamiyyətdə olan əməkdaşı soydaşlarımızın hüquqi problemlərinin həlli üçün Kareliyaya səfər edəcəklər.