Azərbaycanın turizm potensialı İranın paytaxtı Tehranda keçirilən beynəlxalq sərgidə nümayiş etdirilir
Bakı, 28 yanvar (AZƏRTAC). Xəbər verdiyimiz kimi, İranın paytaxtı Tehranda “HT&T 2013” Beynəlxalq turizm sərgisi açılmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 30-dək davam edəcək sərgidə Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov rəhbərlik edir.
Yanvarın 27-də “HT&T” Beynəlxalq turizm sərgisinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, İran İslam Respublikası Mədəni İrs, Əl Sənayesi və Turizm Təşkilatının sədr müavinləri M.Cahanian, S.Alavian, digər dövlət nümayəndələri və şirkətlərin rəhbərləri iştirak etmişlər.
Sərgidə Azərbaycanın 60 kvadratmetrlik stendində ölkəmizin 4 turizm şirkəti və 3 mehmanxana öz məhsullarını nümayiş etdirirlər. Stendimizi ziyarət edənlərə Azərbaycanın mədəniyyətini və turizm potensialını əks etdirən müxtəlif çeşidli çap məhsulları təqdim olunur.
Sərginin açılış mərasimində ziyarətçiləri Azərbaycan stendi ilə tanış edən nazir müavini Nazim Səmədov ölkəmiz haqqında geniş məlumat vermişdir.
Açılış mərasiminin sonunda Azərbaycanın və İranın turizm şirkətlərinin iştirakı ilə “dəyirmi masa” təşkil olunmuşdur. “Dəyirmi masa”da Azərbaycanın turizm şirkətlərinin İran bazarındakı mövcud vəziyyəti, problemlər, perspektivlər və digər aktual məsələlərə dair müzakirələr aparılmışdır.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində İranın Mədəni İrs, Əl Sənayesi və Turizm Təşkilatının sədr müavini Manuçöhr Cahanian ilə görüşmüşdür. Azərbaycanın İrandakı səfiri Cavanşir Axundovun da iştirak etdiyi görüşdə turizm və mədəni irs sahələrində ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilmişdir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin İranın Mədəni İrs, Əl Sənayesi və Turizm Təşkilatının mədəni irs üzrə sədr müavini S.Alavian və İran İslam Respublikasının mədəniyyət və İslami irşad nazirinin müavini ilə də görüşü nəzərdə tutulmuşdur.
İranda təşkil olunan turizm sərgisində ilk dəfə iştirak edən Azərbaycanın sərgidə iştirakı İran KİV-ləri tərəfindən geniş işıqlandırılır.