Azərbaycanın turizm potensialı “KİTF -2013” Beynəlxalq sərgisində nümayiş etdiriləcəkdir
Bakı, 23 aprel (AZƏRTAC). Aprelin 24-dən 26-dək Qazaxıstanın Almatı şəhərində “KİTF-2013” Beynəlxalq turizm sərgisi keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dünyanın 43 ölkəsindən 203 şirkətin qatılacağı sərgidə Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunacaqdır.
Artıq sərgidə iştirak etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin sektor müdiri Mahir Qəhrəmanov, aparıcı məsləhətçi Leyla Verdiyeva və nazirliyin mətbuat katibi Zöhrə Əliyeva Almatı şəhərinə ezam olunmuşlar. Sərgidə, həmçinin "Millennium Tourism and Congress" turizm şirkətinin, "Chinar Hotel and Spa Naftalan", "Jumeirah Bilgah Beach hotel" və "Divan Express Baku" mehmanxanalarının təmsilçiləri iştirak edəcəklər.
Beynəlxalq tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədi ilə 36 kvadratmetr sahə icarəyə götürülmüş və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanılması üçün ingilis və rus dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunmuşdur.
Almatıda hər il keçirilən ənənəvi "KİTF" Beynəlxalq turizm sərgisində Azərbaycan birinci dəfədir ki, iştirak edir.
Ötən il Azərbaycana 25.295 nəfər Qazaxıstan vətəndaşı gəlmişdir. Belə sərgilərdə iştirak etməklə 2013-cü ildə bu rəqəmin daha da artacağı gözlənilir.