AZƏRBAYCANLI DEPUTATIN TƏKLİFLƏRİ YEKDİLLİKLƏ QƏBUL OLUNMUŞDUR
İclasda “Qadınlara qarşı zorakılıq əleyhinə Avropa Şurasının kampaniyası”, “Sivil qanun qarşısında bərabərlik prinsipinə hörmət”, “Avropada demokratiya və insan hüquqlarının vəziyyəti”, “Qadın yoxsulluğu”, “Cənubi Qafqaz ölkələrində qadınların vəziyyəti” və digər məsələlər müzakirə edilmişdir.
Azərbaycanın AŞPA yanında daimi nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Elmira Axundova komitənin ilkin iclasında məruzəni ötəri nəzərdən keçirdiyindən bəzi məsələlər barədə konkret fikirlər söyləməyə imkan tapmamışdı. Ona görə də Bakıya qayıtdıqdan sonra məruzə və qətnamə ilə ətraflı tanış olmuş, bəzi məqamlarla razılaşmadığı barədə həm məruzəçiyə, həm də komitəyə yazılı müraciət etmişdi.
Komitənin yanvarın 15-də keçirilən növbəti iclasında E.Axundovanın məruzə və qətnamə ilə bağlı altı təklif irəli sürməsi deputatlar arasında qızğın müzakirəyə səbəb olmuş, onun düzəlişlərindən beşi yekdilliklə qəbul edilmişdir.
Elmira Axundova ilkin olaraq “Cənubi Qafqaz ölkələrində qadınların vəziyyəti həddindən artıq narahatlıq doğurur” cümləsində “həddindən artıq” ifadəsinə etirazını bildirmiş və göstərmişdir ki, Azərbaycanda qadınlarla bağlı müəyyən problemlər vardır. Lakin bu problemlər məruzədə göstərildiyi kimi, heç də həddindən artıq narahatlıq doğurmur. Ona görə də “həddindən artıq” ifadəsinin “bir qədər” sözü ilə əvəzlənməsi barədə deputatımızın təklifi razılıq hissi ilə qarşılanmışdır.
Məruzədə əksini tapmış “qadınların ictimai və siyasi həyatda iştirakı çox zəifdir” cümləsindəki “çox” sözünün “müəyyən qədər” sözü ilə əvəz edilməsi barədə E.Axundovanın növbəti düzəlişi də qəbul edilmişdir.
Azərbaycanlı deputat məruzədə düzgün formalaşdırılmamış “işədüzəlmə sahəsində qadınlar diskriminasiyaya məruz qalırlar” ifadəsinə etiraz edərək, göstərmişdir ki, Azərbaycanda diskriminasiya halları qanunla qadağan edilmişdir. Bununla bağlı ölkəmizdə gender bərabərliyi haqqında xüsusi qanun qəbul edilmişdir. Bu qanunu pozanlar cinayət məsuliyyətinə cəlb olunurlar. Azərbaycanda işədüzəlmədə qadınların hüquqlarının pozulmasına çox cüzi halda özəl sektorda rast gəlinir. Dövlət müəssisələrində isə bu vəziyyətə qətiyyən yol verilmir. Deputatın təklifi ilə həmin ifadə “Yalnız özəl sektorda qadınların işədüzəlməsi prosesində diskriminasiya halları qismən baş verir” cümləsi ilə əvəzlənmişdir.
Məruzədə “qadınların parlamentdə iştirakı 2010-cu ildə 15 faizə və 2020-ci ildə isə 25-30 faizə qaldırılmalıdır” ifadəsinin də düzgün olmadığını komitə üzvlərinin diqqətinə çəkən E.Axundova göstərdi ki, ölkəmizdə proporsional seçki və kvota yoxdur. Qadınların parlamentdə iştirak sayının artırılması məsələsinə dövlətin müdaxiləsi qanunla qadağandır. Ona görə də məruzədə belə rəqəmlərin işlədilməsi təəssüf doğurur.
Komitə üzvləri deputatımızın haqlı iradını qəbul edərək məruzədə rəqəmləri göstərməmək şərti ilə sadəcə olaraq qadınların parlamentdə sayının artırılmasının arzu şəklində ifadə edilməsinə tərəfdar olduqlarını bildirmişlər.
Milli Məclisin deputatı qaçqın və məcburi köçkün qadınlarla bağlı xüsusi maddənin qətnaməyə salınmasını müsbət hal kimi xüsusi qiymətləndirmiş, eyni zamanda bu sahədə Azərbaycan dövlətinin gördüyü işlərin əksini tapmamasına etirazını bildirmişdir. O, qaçqın və məcburi köçkünlərin yaşadıqları çadır şəhərciklərinin tamamilə ləğv edilərək müasir tipli yaraşıqlı qəsəbələr salındığı, dövlətimizin bu sahədəki fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Deputatımızın təklifi ilə bu məsələ “qaçqınlar və məcburi köçkünlər üçün yeni şəhərciklərin inşa edilməsi və onların yaşadıqları düşərgələrdən köçürülərək yeni mənzillərlə təmin edilməsi sahəsində Azərbaycan və Gürcüstan dövlətlərinin səylərinin dəstəklənməsi” formasında tərtib edilərək qətnaməyə əlavə olunmuşdur.
Elmira Axundova rusiyalı həmkarının məruzəsinin bir qədər əvvəl hazırlandığı üçün oradakı bəzi faktların köhnəldiyini qeyd etmiş və göstərmişdir ki, ötən müddətdə Azərbaycanda qadınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüş, bununla əlaqədar xüsusi proqram hazırlanmış və yeni mərkəzlər açılmışdır.
Elmira Axundova Vera Oskinadan məruzəsini yeni məlumatlar əsasında təkmilləşdirərkən bu faktları nəzərə almağı xahiş etmişdir.
Məruzəçi azərbaycanlı deputatla tam razı olduğunu bildirmiş, bütün irad və təkliflərin məruzənin son variantında əksini tapacağını vəd etmişdir.
Bununla da komitənin iclası öz işini yekunlaşdırmışdır.