“AZ.KAN” VƏTƏNİ YAXINLAŞDIRDI
“Az.Kan” - kanadalı həmvətənlərimiz öz mətbu orqanlarını belə adlandırmışlar. Kanadanın azərbaycanlı diasporu tarixi vətəni sanki yaxınlaşdıran bu 16 səhifəlik qəzetin nəşrinə Torontodakı Aidə İmanquliyeva adına Beynəlxalq Universal Mədəni Dəyərlər Mərkəzinin, ilk növbədə, onun yorulmaq bilməyən prezidenti, bəstəkar və dirijor, qəzetin Direktorlar Şurasının sədri İsmayıl Hacıyevin fəal iştirakı ilə bu yaxınlarda başlamışdır. Azərbaycan, türk və ingilis dillərində ayda bir dəfə çıxan qəzetin materialları Kanadada, bütövlükdə Şimali Amerikada yaşayıb-yaradan türkdilli diasporların nümayəndələrinə, onların problemlərinə həsr olunur. Lakin qəzetdə uzaq Vətəndə - Azərbaycanda baş verən hadisələrə də geniş yer ayrılır.
Qəzetin çapdan çıxmış iki nömrəsi oxucuların diqqətini cəlb etmişdir. Birinci nömrədə oxucular Azərbaycanda prezident seçkilərinin yekunları, yenidən Prezident seçilmiş, ümummillli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən, ölkəmizi yeni-yeni nailiyyətlərə doğru aparan İlham Əliyevin ünvanına xoş təbrik sözləri olan materiallarla tanış olmuşlar.
“Az.Kan”ın ikinci nömrəsində oxuculara Azərbaycanın görkəmli şərqşünas alimi Aida İmanquliyeva barədə kitabın müəllifi filologiya elmləri namizədi Şərəf Cəlilinin əsərin qəhrəmanına həsr edilmiş məqaləsi təqdim edilmişdir. Məqalə alimin bu sözləri ilə başlanır: “Hər bir millətin inkişafı onun nailiyyətlərinin dünya sivilizasiyasının mühüm tərkib hissəsinə çevrildiyi zaman başlayır”. Bu fikirlə razılaşmamaq olarmı?!
Yeni mətbu orqan, heç şübhəsiz, Kanadada yaşayan həmvətənlərimizin bu ölkədə və bütün Amerikada getdikcə daha geniş informasiya məkanı qazanmaları üçün etibarlı zəmin olacaqdır. Bu isə onlara ulu öndər Heydər Əliyevin vəsiyyətinə əməl etməyə və harada yaşamalarından asılı olmayaraq, bir azərbaycanlı kimi doğma xalqa xidmət etməli olduqlarını unutmamalarına kömək edəcəkdir.
Xatırladaq ki, “Az.Kan” qəzetinin nəşri Kanadadakı Azərbaycan diasporunun bir sıra üzvlərinin, xüsusən, Əkbər Məcidovun təşkilati və maliyyə dəstəyi sayəsində mümkün olmuşdur.