Bakıda “AİTF-2013” Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi keçiriləcəkdir
Bakı, 24 fevral (AZƏRTAC). Aprelin 4-dən 6-dək Bakı Ekspo Mərkəzində “AİTF-2013” Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi keçiriləcəkdir.
Sərginin layihə rəhbəri Xəyalə Əliyeva AZƏRTAC-a bildirmişdir ki, artıq 12-ci dəfə keçiriləcək “AİTF-2013”ün iştirakçılarının coğrafiyası dünyanın 35 ölkəsini əhatə edəcəkdir.
İştirakçı ölkələr sərgidə turizm sənayesinin müxtəlif istiqamətlərini təqdim edəcəklər. Buraya hava yolları və avia-agentliklər, turoperatorlar və turizm agentlikləri, mehmanxanalar, mehmanxana şəbəkələri, sanatoriyalar, pansionatlar, macəra istirahəti üzrə ixtisaslaşan şirkətlər, habelə işgüzar səfərlərin, idman, ekoloji və maarifləndirici turizmin, eləcə də elit istirahətin təşkili ilə məşğul olan şirkətlər daxildirlər.
Sərgidə tibbi turizm də geniş şəkildə təqdim ediləcəkdir. Bu il ilk dəfə olaraq sərginin ekspozisiyasında sürətlə populyarlıq qazanan “Xaricdə əmlak” adlı bölmə də təmsil olunacaqdır.
Layihə rəhbərinin sözlərinə görə, sərgidə on altı ölkə öz milli stendləri ilə çıxış edəcəkdir. Bu il sərginin daimi iştirakçıları - Türkiyə, Gürcüstan, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və digər ölkələrlə yanaşı, ilk dəfə olaraq Bakıya Dominikan Respublikası, Mərakeş, Macarıstan, Sloveniya, Tailand, Tunis və Fransanın da nümayəndələri gələcəklər. Sərgi ziyarətçiləri müəyyən fasilədən sonra bu il yenidən Misir turoperatorlarının təklifləri ilə tanış ola biləcəklər.
Hazırda sərgi meydançalarının 60 faizdən çox hissəsi tutulmuşdur. Bu il sərginin bir sıra iri iştirakçıları öz stendlərinin ölçülərini əhəmiyyətli dərəcədə artırmışlar. Türkiyə və Gürcüstan sərgi stendlərinin sahəsini demək olar ki, iki dəfə böyütmüşlər. Bu da şübhəsiz ki, onlara çoxlu sayda ziyarətçini qəbul etmək və öz ölkələrinin zəngin potensialını bütün gözəlliyi ilə nümayiş etdirmək üçün imkan yaradacaqdır. Milli hava daşıyıcısı olan “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti də öz stendini genişləndirmişdir.
X.Əliyeva bildirmişdir ki, bu il Azərbaycanın turizm potensialını nümayiş etdirən geniş regional ekspozisiyanın təşkil edilməsi planlaşdırılır. Burada Xaçmaz, Qusar, Quba, Qəbələ, Şəki, İsmayıllı, Lənkəran, Oğuz, Naftalan və ölkənin başqa regionlarının turizm imkanları təqdim olunacaqdır.
Həmişəki kimi, sərgidə təqdimat mərasimləri və seminarların keçirilməsi planlaşdırılır. Bundan əlavə, iştirakçıların stendlərində müxtəlif lotereyalar və istirahət turları da oynanılacaqdır.