BAKIDA AZƏRBAYCAN VƏ TÜRK DİASPOR TƏŞKİLATLARI RƏHBƏRLƏRİNİN I FORUMU KEÇİRİLƏCƏKDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, martın 9-da Bakı şəhərində Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu keçiriləcəkdir.
Foruma Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu azərbaycanlı və türk icmalarının, türkdilli xalqların və dövlətlərin təmsilçiləri qatılacaqlar. Tədbirə ümumilikdə 48 ölkədən 450 nəfərə yaxın nümayəndənin, habelə 30-dan çox ölkədən Azərbaycan və türk diasporlarının inkişafında xidmətləri olmuş, ümummilli maraqlarımızın qorunmasında fəal iştirak etmiş ayrı-ayrı şəxslər, siyasi xadimlər, parlament və hökumət üzvləri, tanınmış alim və ziyalılar dəvət olunacaqdır.
Forumda türk dövlətləri arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, diaspor quruculuğu sahəsində əməkdaşlığın genişləndirilməsi, türkdilli xalqların tarixi, müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması, diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması, habelə bütün türk xalqları arasında münasibətlərin inkişafı, onların problemlərinin diqqət mərkəzində saxlanılması ilə bağlı məsələlər müzakirə olunacaqdır.
Forumun yekununda bir sıra mühüm sənədlər qəbul olunacaqdır. Bunlardan ən vacibi “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”dır. Qeyd edək ki, sənəddə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətini şərtləndirən tarixi, siyasi, iqtisadi, sosial-psixoloji amillər, əməkdaşlığın prinsip və istiqamətləri, habelə əhatə dairəsi öz əksini tapmışdır.
Bundan başqa forum iştirakçıları adından dünyanın türkdilli xalqlarına müraciət, Bakı Bəyannaməsinin, Ermənistanın Azərbaycana təcavüzü və erməni terrorçularının azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları ilə bağlı birgə bəyanatın, bədnam “erməni soyqırımı” iddialarının tanınması barədə qərar çıxaran ölkələrə etiraz bəyanatının qəbul olunması nəzərdə tutulmuşdur.