Bakıda daha bir dördulduzlu otel istifadəyə verilmişdir
Bakı, 13 noyabr (AZƏRTAC). Bakıda dördulduzlu “Divan Express Baku” oteli istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, memarlıq həlli ilə diqqəti cəlb edən, Türkiyənin məşhur markası “Divan group”a daxil olan “Divan Express Baku” oteli fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növü ilə fərqlənir. Bakıda beynəlxalq səviyyəli bu cür otellərin tikilməsi ölkəmizdə turizmin inkişafı ilə bağlı istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricisidir. Bu, həm də dünyanın inkişaf etmiş ölkələri sırasında yerini möhkəmləndirən Azərbaycanda otel biznesinin genişləndirilməsinə və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük imkanlar açır. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır.
Avanqard və klassik arxitektura üslublarının sintezi əsasında inşa edilmiş binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur.
Tikintisinə 2010-cu ildə başlanılan oteldə otaqların layihələndirilməsi və tərtibatı zamanı Azərbaycanın təbiəti, memarlıq abidələri, eləcə də Xəzər dənizinin elementləri öz əksini tapmışdır. Oteldə yüksək kateqoriyalı 62 geniş otaq, eləcə də fitnes-SPA mərkəzi, bar, sauna, buxarxana, türk hamamı qonaqların ixtiyarına verilmişdir. Nömrələrdə qonaqların yüksək səviyyədə istirahəti üçün hər cür şərait yaradılmışdır. Bütün otaqlar rəqəmli seyf, mini bar, havalandırma sistemləri, peyk televiziya və beynəlxalq telefon xətləri, simsiz internetlə təchiz edilmişdir. Otelin iclas zalı bütün lazımi texniki avadanlıqla təchiz olunmuşdur. Zalda konfransların, iclasların, seminarların, təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur.
“Divan Express Baku”nun idman mərkəzində təlim məşqlərinin keçirilməsi mümkündür. Böyük tədbirlərin, sərgilərin və digər mərasimlərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığı otelin restoranlarında qonaqlar Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını dada biləcəklər.
Qonaqlar kompyuter, faks, avtodayanacaq, camaşırxana, iş mərkəzi, avtobus, tibbi yardım xidmətlərindən də istifadə edə biləcəklər. Otel həm də Azərbaycanın görməli yerlərinə və bölgələrinə turist səfərlərini planlaşdırmaq imkanı yaradır.
“Divan Express Baku”nun istifadəyə verilməsi Şərq və Qərb koloritlərini özündə təcəssüm etdirən doğma paytaxtımızın simasına yeni bir elementin daxil olması deməkdir.
Şəhərin mərkəzində yerləşən və müasir dizaynı ilə diqqəti cəlb edən otel artıq ilk müştərilərini qəbul etməyə başlamışdır.