Bakıda keçiriləcək birinci Beynəlxalq turizm filmləri festivalının rəsmi internet saytının təqdimatı olmuşdur
Bakı, 25 fevral (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu ilin payızında Bakıda birinci Beynəlxalq turizm filmləri festivalının keçirilməsi nəzərdə tutulmuşdur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə fevralın 25-də Nizami Kino Mərkəzində Turizm Film Festivalları Beynəlxalq Komitəsinin direktoru Aleksandr Kammelin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirliyinin sektor müdiri Yusif Şexov bildirilmişdir ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir. Festival həmin filmlərin beynəlxalq auditoriya qazanmasına yardımçı olacaq, eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialının təbliğinə təkan verəcəkdir.
Bu sənət yarışması “Mədəni turizm”, “Təbiət turizmi və ekoturizm”, “Dəniz turizmi və su əyləncələri”, “Kommersiya turizmi”, “Ekspedisiya və səyahətlər” və “İdman turizmi” mövzularını əhatə edəcəkdir.
Kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək filmlərin avqustun 15-dək təqdim olunması nəzərdə tutulmuşdur.
Turizm Film Festivalları Beynəlxalq Komitəsinin direktoru Aleksandr Kammelin demişdir ki, belə bir festivalın Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan turizmin inkişafı baxımından son illər çox gözəl inkişaf yoluna qədəm qoymuşdur. Bu səbəbdən də inanıram ki, festival öz işini uğurla başa vuracaqdır.
Sonra festivalın rəsmi internet www.bitff.az saytının təqdimatı olmuşdur.
Bildirilmişdir ki, Azərbaycan ingilis və rus dillərində fəaliyyət göstərən bu internet portalı festivala qatılmaq istəyən hər bir kəsə ən yaxşı bələdçi olacaqdır.
Festivalın hər il ənənəvi olaraq keçirilməsi planlaşdırılır.