Bakıda möhtəşəm “Nine Senses Fest” adlı festival keçiriləcək
Bakı, 25 sentyabr, AZƏRTAC
“Nine Senses” Yaradıcılıq və İncəsənət Mərkəzində “Nine Senses Fest” beynəlxalq festivalı ərəfəsində KİV nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı “Nine Senses”in akademik direktoru və “Nine Senses Fest” beynəlxalq festivalının kuratoru Natalya Jukova mətbuat nümayəndələrini öncə incəsənət mərkəzi ilə tanış edib, mərkəzin fəaliyyəti ilə bağlı geniş informasiya verib. Daha sonra Natalya Jukova oktyabrın 6-dan 8-dək Bakıda keçiriləcək “Nine Senses Fest” beynəlxalq festivalı haqqında jurnalistlərə geniş məlumat verib və KİV nümayəndələrinin suallarını cavablandırıb. Qeyd edilib ki, “Nine Senses Fest” festivalında kriya, kundalini, hatha, nidra kimi yoqanın müxtəlif sahələri, artistik yoqa, meditasiya təcrübələri, bədənyönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik, ustad dərsləri, art terapiya, terapevtik qrup məşqləri, qrup sağlamlıq və həyat kouçluğu təlimləri olacaq. Tədbirdə yoqa ustadı, musiqiçi, bəstəkar və multiinstrumentalist İmran Kriya, həkim, Çin təbabəti üzrə mütəxəssis Vu Ming Dao şəfalı təcrübələr məktəbinin təsisçisi, osteoxondroz, skolioz, fəqərəarası yırtıqlar və onurğa sütununun strukturunun pozulması ilə əlaqəli digər xəstəliklərin dərmansız müalicəsinin patentləşdirilmiş metodunun müəllifi Anna Vladimirova, psixi və emosional sağlamlıq, korporativ mədəniyyətdə məhsuldarlıqla iş üzrə mütəxəssis, Azərbaycanda insan resursları sahəsində aparıcı mütəxəssislərdən biri Mətanət Babayeva, müasir idman təbabətini və qədim yoqa müdrikliyini özündə birləşdirən daha canlı və yeni bir yoqa forması olan CEO Artistic Yoqa məktəbinin ustadı və rəhbəri Nandan Qautam olmaqla 4 hedlayner olacaq. Qeyd edilib ki, Nandan Qautam ABŞ-da təhsil alıb, USA Today-də işləyib və ruhani müəllim Bharat Thakurdan yoqa öyrənmək üçün Hindistana qayıdıb. Nandan yoqa, musiqi və meditasiyanın məlum olmayan sirli sahələrini araşdırır, daxili rahatlıq və məmnunluq hissini tapmağa kömək edir.
Festivalda əl işlərindən ibarət tematik yarmarka və qaranlıqda teatr adlı musiqili proqram təşkil olunacaq. Sonda isə hedlayner İmran Kriyanın canlı meditasiya konserti və məşhur müğənni Çingiz Mustafayevin canlı konsert proqramı keçiriləcək.