MƏDƏNİYYƏT
Bakıda turistlərin sayı günü-gündən artır
Bakı, 1 sentyabr, Ceyhun Alışlı, AZƏRTAC
Bu il ölkəmizə gələn turistlərin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. İndi dünyanın müxtəlif ölkələrini təmsil edən turistləri paytaxtımızın hər yerində görmək mümkündür. Hazırda ölkəmizin turist qonaqları arasında ərəb və iranlı turistlər çoxluq təşkil edir. Onlar daha çox Bakının tarixi məkanlarında, muzeylərdə, şəhərin mərkəzi hissələrində gözə dəyir. İndi Bakının mərkəzi küçələrində az qala onlara hər addımbaşı rast gəlmək mümkündür. Hər zaman ölkəmizin turizm sahəsindəki inkişafını diqqətdə saxlayan AZƏRTAC bu dəfə də şəhərimizə gələn turistlərlə maraqlanıb.
Mehdi Qulami İranın Zəncan şəhərindən Bakıya turist kimi gəlib. İlk dəfədir ki, Azərbaycanda olduğunu bildirən həmsöhbətimiz ölkəmizdə bir həftə qonaq olacağını deyib: “Bakıya ilk dəfədir gəlirəm. Bu şəhər haqqında internetdən oxumuşdum, məlumatım vardı. Bakının küçələrində gəzmək, mənə çox xoş təsir bağışlayır. Bizim mədəniyyətimiz, tariximiz, dinimiz eynidir. Ona görə bu səyahət biz iranlı turistlər üçün çox xoşdur və burada heç bir çətinliklə qarşılaşmamışıq”.
Müsahibimiz vurğulayıb ki, Bakı günü-gündən müasirləşsə də öz tarixi görkəmini qoruyub saxlayır. Bu da Azərbaycan dövlətinin öz tarixinə nə qədər önəm verdiyini bir daha sübut edir. M.Qulami Bakıda turistlərə göstərilən xidmətdən razı qaldığını söyləyib.
Digər müsahibimiz Birləşmiş Ərəb Əmirliyindən gələn Abdulla Süleymandır. Paytaxtımız ərəb turistdə dərin təəssüratlar yaradıb: “Azərbaycan haqqında bura gələn dostlarımdan eşitdiklərim məni də həvəsləndirdi. Onlar bizə bu ölkədə olmağımızı məsləhət gördülər. Həqiqətən, bura çox gözəl ölkədir. İnsanlar da mehriban və gülərüzdürlər. Üç gündür ki, Bakıdayıq. Bura ailəmlə birlikdə gəlmişəm. Hələ ki, Bakıdan başqa digər şəhərlərdə olmamışıq. Daha bir neçə gün burda qalaraq başqa şəhərlərə də səfər etməyi planlaşdırırıq. Bu günlər ərzində Bakının tarixi yerlərini, ticarət mərkəzlərini gəzmişik”. O, Azərbaycan mətbəxinin zənginliyini də xüsusi vurğulayıb. Bakıda özlərinin dillə bağlı çətinliklərinə toxunan ərəb turist, buna baxmayaraq, vətəndaşlarımızın bu yöndə istənilən köməkliyinin şahidi olduğunu qeyd edib.
Səudiyyə Ərəbistanından olan digər bir həmsöhbətimiz Mənsur Məhəmməd ölkəmizin tolerantlığına və qonaqpərvərliyinə heyran qalıb. “Azərbaycana ilk dəfədir gəlirəm. Paytaxtınız çox təmiz və qeyri-adidir. Bakıya heyran oldum. Dənizkənarı park isə öz gözəlliyi ilə insanı valeh edir. Burada çox gözəl istirahət edirəm. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər. Etiraf edirəm ki, Azərbaycanın təbiətini belə təsəvvür etmirdim. Mən Bakıdan başqa, Qəbələ, Xaçmaz və Qax rayonlarında da olmuşam. Oralar tamamilə cənnətin özüdür. Burda hər şey mənim ürəyimcədir”. Azərbaycandan xoş xatirələrlə dönəcəyini deyən turist, yenidən burada olmağı artıq indidən qərarlaşdırıb.
Səudiyyəli turist Əhməd Abdulrauf isə bir neçə gündür Bakıda olduğunu deyir: “Artıq dörd gündür Bakıdayıq. Daha iyirmi gün də burada qalacağıq. Bakıda İçərişəhərdə, Qız qalasında, Bakı bulvarında, həmçinin Qubada və Qusarda olmuşuq. Ailəm və qohumlarımla birlikdə gəlmişik. Biz Türkiyədə də olmuşuq. Buranın insanları, mədəniyyəti və mətbəxi Türkiyə ilə demək olar ki, eynidir. Biz Azərbaycan haqqında turizm şirkətlərindən məlumat əldə etmişik. Azərbaycandan mənalı və xoş təəssüratlarla ayrılacağımıza əminik”.
Azərbaycanı bəyəndiyini, Bakının Avropa şəhərlərindən heç də geri qalmadığını deyən qonaq, ölkəmizin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.