Bakıda Ukraynanın Krım Muxtar Respublikası kurortlar və turizm nazirinin mətbuat konfransı keçirilmişdir
Bakı, 3 aprel (AZƏRTAC). Aprelin 3-də “İnterfaks-Azərbaycan” informasiya agentliyində Ukraynanın Krım Muxtar Respublikası kurortlar və turizm naziri Aleksandr Liyevin mətbuat konfransı keçirilmişdir. Tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko, “Eurovision-2013” mahnı müsabiqəsində Ukraynanı təmsil edəcək Zlata Oqneviç, “SW Travel” turizm agentliyinin direktoru Şirzad Əfəndiyev iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko qonaqları təqdim etmiş, iki ölkə arasında əlaqələrin inkişafında turizmin mühüm rolunu vurğulamışdır.
Səfir Ukraynanın turizm sahəsi ilə bağlı qısa məlumat vermiş, iyunda Azərbaycanda Ukrayna Mədəniyyət Günlərinin keçirilməsinin planlaşdırıldığını, Ukrayna mədəniyyət nazirinin Bakıya səfərinin gözlənildiyini bildirmişdir.
Aleksandr Liyev qeyd etmişdir ki, son bir ildə Krıma 1 milyon 150 min turist gəlmişdir ki, onların 20 mini Azərbaycandan olmuşdur.
Nazir dünyada məşhur istirahət ocağı kimi tanınan Krımın əlverişli turizm imkanlarından söz açmışdır. Bununla əlaqədar olaraq, Bakıda “SW Travel” şirkətinin nəzdində Krım Kurortlar və Turizm Nazirliyinin nümayəndəliyi açılacaq, şirkətin rəhbəri Ş.Əfəndiyevə nazirliyin müşaviri statusu veriləcəkdir. Azərbaycanın da Krımda turizm ofisinin açılacağı ehtimal olunur.
Qeyd olunmuşdur ki, Krım Kurortlar və Turizm Nazirliyi Azərbaycanın hər rayonunda sanatoriya turizm şirkətləri ilə işin öyrənilməsi üzrə agentliklərin açılmasını planlaşdırır. Təlimlər iki il davam edəcək, sonda iştirakçılar imtahan verəcək və sertifikat alacaqlar. Bütün bu tədbirlər ölkəyə turist axınını artıracaqdır.
Hazırda Krıma reyslər həftədə iki dəfə həyata keçirilir. Gələcəkdə reyslərin gündəlik olması planlaşdırılır.
Qonaqlar Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə hazırlıqla bağlı təcrübəsini qeyd etmişlər. Bu il həmin müsabiqədə Ukraynanı krımlı Zlata Oqneviç təmsil edəcəkdir. O, Azərbaycana bizim artistlərin təcrübəsini öyrənmək üçün gəlmişdir. Ukrayna ümid edir ki, Zlata birinci yeri tutacaq və növbəti “Eurovision” mahnı müsabiqəsi yenidən onun ölkəsində keçiriləcəkdir.
“SW Travel” turizm agentliyinin direktoru Şirzad Əfəndiyev müsabiqə nəticəsində Krımı Azərbaycanda təmsil etmək üçün məhz bu şirkəti seçdiklərinə görə Krım tərəfinə minnətdarlığını bildirmişdir.
Sonda qonaqlar jurnalistlərin suallarını cavablandırmışlar.