Bakıda Ukraynanın Truskavets kurort şəhərinin təqdimatı olmuşdur
Bakı, 15 may (AZƏRTAC). Mayın 15-də “Qafqaz Point” otelinin konfrans zalında Ukraynanın Truskavets kurort şəhərinin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko tədbiri açaraq qeyd etmişdir ki, Truskavets mədə-bağırsaq xəstəliklərinin müalicəsi mərkəzidir.
Ukrayna səfiri demişdir ki, davam etdirilən kompleks tədbirlər Azərbaycan əhalisinin Ukraynadakı sağlamlaşdırıcı müalicə və istirahət növləri ilə hərtərəfli tanış olmasına imkan verəcəkdir.
Səfir demişdir: “Bu gün biz nəzərdə tutduğumuz və son iki ildə həyata keçirdiyimiz kompleks tədbirləri davam etdiririk. Bu, Azərbaycan cəmiyyətinin Ukraynada müalicə və istirahətlə, habelə Ukrayna vətəndaşlarının Azərbaycandakı müalicə və istirahət növləri ilə tanış edilməsidir.
Əməkdaşlığımız rəqabət məqsədi daşımır. Qarşılıqlı tamamlamanı nəzərdə tutur. Məsələn, bu gün biz Truskavets otellərinin daha bir qrupunu təqdim edirik. Bu otellər Naftalanla rəqabətə girmir, onu tamamlayır. Çünki insanlar Naftalanda aldıqları müalicəni Truskavetsdə ala bilmirlər və əksinə. Naftalanda dünyada tayı-bərabəri olmayan və heç bir həblə əvəzolunmaz neft vardır. Mən dəri və oynaq xəstəliklərindən əziyyət çəkən bütün ukraynalılara Naftalana getməyi məsləhət görürəm. Bu, xüsusilə şaxtaçılara aiddir. Oradakı müalicəni heç bir həb əvəz etmir. Proqramımız məhz qarşılıqlı əməkdaşlıq, qarşılıqlı hörmət prinsipi əsasında qurulur”.
Səfir, həmçinin qeyd etmişdir ki, “Azərbaycan Hava Yolları” aviasiya şirkətinin Lvova müntəzəm reysləri barədə razılıq əldə edilmişdir. Aviareyslər iyul ayından həyata keçirilməyə başlayacaq və sentyabradək davam edəcəkdir. Reyslər həftədə iki dəfə həyata keçiriləcəkdir ki, bunun da nəticəsində Azərbaycan vətəndaşlarının Qərbi Ukraynanın kurort mərkəzlərinə gedərkən Kiyevdən tranzit kimi istifadə etməsinə ehtiyac qalmayacaqdır. Bundan başqa, Simferopola aviareyslər yerinə yetiriləcəkdir.
Truskavets şəhəri merinin müavini Yuri Yavorski tədbirdə çıxış edərək Truskavetsin sağlamlıq otelləri barədə məlumat vermişdir.
O qeyd etmişdir ki, Ukraynanın “Naftusya” suyunun özünəməxsus xassələri, Truskavetsin iqlimi və coğrafi mövqeyi sayəsində mədə-bağırsaq traktı xəstəlikləri təbii yolla müvəffəqiyyətlə müalicə olunur. O, qeyd etmişdir ki, Azərbaycanı tanınmış otellərlə, habelə yeni otellərlə mərhələ-mərhələ tanış edəcəklər.
Y.Yavorski demişdir: “Siz Truskavetsə gəlib, sonra iki günlüyə Avropaya istirahətə gedə bilərsiniz. Azərbaycan vətəndaşları üçün Polşanın baş konsulu ilə danışıqlar aparılır, biz bu məsələ ilə məşğul oluruq. Bizim yeni strategiyamız təkcə müalicə deyil, həm də sağlamlaşdırmadır. Sağlamlığı qorumaq müalicə olunmaqdan daha asandır, bu, çox vacib məsələdir. Azərbaycan turistləri Ukrayna kurortlarından istifadə sahəsində Rusiyadan sonra ikinci yeri tuturlar”.
Sonra Truskavetsin otellərinin və “Şale Qraal”, “Mirotel” sağlamlıq müəssisələrinin təqdimatı olmuşdur. Onların arasında sovet dövründən tanınmış “Karpatı” da vardır.
Tədbirin sonunda “Əməkdaşlıq haqqında memorandum” imzalanmışdır. Memorandumu Azərbaycan tərəfindən Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, Ukrayna tərəfindən isə Truskavets şəhəri merinin müavini Yuri Yavorski imzalamışlar.